Fiziki hərəkətlərin icrası zamanı
orqanizmin oksigen və qidaya olan
tələbatı dəyişir.
Bu zaman ürək döyüntüləri sürətlənir və
ya yavaşıyır.
Nəticədə hərəkətlərinizdən asılı olaraq
daha sürətli və ya yavaş nəfəs alırsınız.
Bu dəyişikliklər əsasında qanın
orqanizmdə necə dövr etdiyini və
tənəffüs sistemi ilə birgə fəaliyyətini öyrənmək vacibdir.
İnsan orqanizmində qan minlərlə kilometr
uzunluqda olan qan damarları ilə hərəkət edir.
Qazlar mübadiləsi isə milyonlarla qovuqcuqlardan
ibarət ağciyərlərdə gedir.
Hər gün 24 saat ürək döyünməyə, ağciyərlər isə
işləməyə davam edir.
Bu proseslərin bizdən asılı olmadan baş verməsi son
dərəcədə heyrətamizdir.
Bölmədə öyrənəcəksiniz
- Ürək dörd şöbədən ibarətdir
- Ürəyin yuxarı şöbələri qanı qəbul edir, aşağı şöbələri isə qanı ağciyərlərə və bədənin digər hissələrinə
göndərir
- Qan bədənimizin müxtəlif hissələrinə damarlar vasitəsilə daşınır
- Qan dörd əsas komponentdən ibarətdir
- Qan orqanizmdə oksigeni və qida maddələrini, eləcə də karbon qazı kimi tullantı məhsullarını daşıyır
- Qazlar mübadiləsi ağciyər qovuqcuqlarında baş verir
- Sizcə, uzun məsafəyə qaçarkən niyə
tez-tez nəfəs alırıq?
- Bədənimizdə qanın hərəkətini təmin
edən nədir?
- Necə düşünürsünüz: qan
damarlarının orqanizmin ucqar
nöqtələrinə qədər şaxələnməsinin nə
kimi əhəmiyyəti vardır?