Məsələn, suyun səthində dayanmış gəmiyə ağırlıq və Arximed qüvvələri təsir edir, bu qüvvələr bir-birini
tarazlaşdırdığı üçün gəmi suda batmır. Tarazlaşan qüvvələr hərəkət edən cismə təsir etdikdə
onun da hərəkətində dəyişiklik baş vermir, yəni həmin cismin sürəti nə artır, nə də azalır.
Hərəkət edən və ya hərəkət etməyən hər hansı cismə tarazlaşan qüvvələr təsir edərsə, onun
hərəkətində heç bir dəyişiklik baş verməz.
İpçəkmə yarışında ip bəzən sola və ya sağa doğru hərəkət edir. Buna səbəb komandalardan birinin
ipə daha böyük qüvvə tətbiq etməsidir. Bu zaman qüvvələr bir-birini tarazlaşdırmır. İp tarazlaşmayan
qüvvələrin təsiri altında olduqda qiyməti böyük olan qüvvə istiqamətində hərəkət edir.
Hərəkətsiz cismə
tarazlaşmayan qüvvələr təsir etdikdə o hərəkətə başlayır və sürəti artır. Oxşar
olaraq suya buraxılan metal kürəyə təsir edən ağırlıq qüvvəsi Arximed qüvvəsindən böyük
olduğundan kürə tarazlaşmayan qüvvələrin təsiri altında olur və stəkanın dibinə doğru hərəkət edir.
Qüvvələr bir-birini
tarazlaşdırmadığından
metal kürə suda batır.