İpçəkmə yarışında komandalar ipə əks istiqamətlərdə qüvvə tətbiq edirlər. Hər komandanın ipi öz
tərəfinə çəkməsinə baxmayaraq bəzən ip hərəkət etmir. Bu zaman komandaların ipə tətbiq etdikləri
qüvvələrin ədədi qiyməti bərabər, istiqamətləri isə bir-birinin əksinə olur. İpə sağdan və soldan təsir
edən qüvvələr bir-birini tarazlaşdırır.
Cismə tətbiq olunan qüvvələrin ədədi qiymətləri bərabər, istiqamətləri isə əks olarsa, bu cismə
tarazlaşan qüvvələr təsir edir.
Məsələn, rəfdəki kitaba ağırlıq qüvvəsi təsir edir. Lakin kitab yerə düşmür. Deməli, kitaba təsir edən
ağırlıq qüvvəsi başqa bir qüvvə ilə tarazlaşıb.
Ağırlıq qüvvəsi aşağı yönəldiyindən digər qüvvə onun əksinə, yəni yuxarı yönəlməlidir. Bu qüvvə
dayağın reaksiya qüvvəsi adlanır. Hərəkətsiz cismə tarazlaşan qüvvələr təsir etdikdə o, əvvəlki
vəziyyətində qalır.