Molekul - eyni və ya müxtəlif növ atomlardan əmələ
gələn zərrəcikdir. Müqavimət qüvvəsi - hava və ya mayelərdə cismin hərəkəti zamanı meydana gələn və hərəkətin əksinə yönələn qüvvədir. Nəbz - ürəyin fəaliyyəti nəticəsində arteriya damarları divarlarının ritmik dalğalanmasıdır. Nyuton - qüvvənin vahididir. N hərfi ilə işarə edilir. Patogen - xəstəliktörədən canlılardır. Peyvəndləmə - hər hansı bir infeksion xəstəliyin qarşısını almaq və ya onu zəiflətmək məqsədilə bədənə vaksin yeritmədir. Plazma - qanın maye hissəsidir. Pnevmoniya - ağciyərlərin tez-tez təsadüf edilən iltihabıdır. Rütubət - havada olan su buxarının miqdarıdır. Əsasən, faizlə ifadə edilir. Sahib orqanizm - sərbəst yaşayan orqanizm olub patogenlər üçün yaşayış yeri və qida mənbəyidir. Sıxlıq - maddənin vahid həcmdəki kütləsidir.
Stetoskop - ürək tonlarına, tənəffüs və s. təbii səslərə qulaq asmaq üçün tibbi alətdir. Süxur - Yer qabığını təşkil edən müxtəlif mineral maddələrin birləşməsidir. Dağlarda, düzənliklərdə, okeanların dibində geniş yayılmışdır. Sürət - gedilən yolun bu yola sərf edilən zamana nisbətinə bərabər olan kəmiyyətdir. |
Sürtünmə qüvvəsi - toxunan səthlərin girintili-çıxıntılı
olması nəticəsində yaranan və hərəkətin əksinə yönələn
qüvvədir. Tarazlaşmamış qüvvələr - eyni cismə təsir edən, hərəkətsiz olan cismin hərəkət etməsinə, hərəkət edən cismin isə sürətinin dəyişməsinə səbəb olan qüvvələrdir. Tarazlaşmış qüvvələr - eyni cismə təsir edən, ədədi qiymətləri bərabər, istiqamətləri əks olan qüvvələrdir. Teleskop - göy cisimlərini müşahidə etmək üçün optik cihazdır. Traxeya, nəfəs borusu - insanda və onurğalı heyvanlarda tənəffüs yolunun qırtlaqla bronxlar arasında qalan hissəsidir. Vaksin - mikroorqanizmlərdən və ya onların həyat fəaliyyəti məhsullarından alınıb yoluxucu xəstəliklərə qarşı müqavimət qüvvəsi yaratmaq üçün müalicə məqsədilə insan və ya heyvan bədəninə yeridilən tibbi preparatdır. Vaksinləmə - infeksion xəstəliklərin qarşısını almaq və onlara qarşı orqanizmin təbii müdafiə mexanizmlərini fəallaşdırmaq üçün vaksin və ya peyvənd işlədilməsidir. Venalar - qanı orqan və toxumalardan ürəyə aparan qan damarlarıdır. Vərəm - ağciyərlərdə və bəzən müxtəlif orqanlarda çöpşəkilli bakteriyaların törətdiyi infeksion xəstəlikdir. Yağıntı - buluddan və ya havadan maye və ya bərk halda yer səthinə düşən atmosfer çöküntüsüdür. Bu çöküntülərə yağış, qar və sair aiddir. Yer qabığı - Yer kürəsinin, əsasən, bərk süxurlardan ibarət üst nazik qatıdır. |