2. Aynurun anası cəmi 18 ədəd kişmişli və şokoladlı keks
bişirdi. Kişmişli kekslərin sayı şokoladlı kekslərin sayından
2 dəfə çox oldu. Ana hər keksdən neçə ədəd bişirdi?
Göstəriş. Şokoladlı kekslərin sayı 1 hissə, kişmişli kekslərin sayı isə 2 hissə kimi qəbul edilir.
Kekslərin sayını hissələrin ümumi sayına bölməklə 1 hissəyə düşən kekslərin sayı tapılır.
3. İki mağazaya 120 kq tərəvəz gətirildi. 1-ci mağazaya gətirilən tərəvəz 2-ci mağazaya
gətirilən tərəvəzdən 3 dəfə çoxdur. Hər mağazaya neçə kiloqram tərəvəz gətirildi?
OXŞAR DAHA SADƏ MƏSƏLƏ HƏLL ETMƏKLƏ
• Təqdim olunan məsələyə oxşar daha sadə məsələ həll edilir. Sonra isə bu üsuldan
istifadə etməklə ilkin məsələ həll olunur.
Nümunə. Səbinə 3 böyük hədiyyə qutusu
aldı. Hər böyük qutuda 2 orta ölçülü, hər
orta ölçülü qutuda isə 2 kiçik qutu var.
Səbinə cəmi neçə qutu aldı?
Göstəriş. Əvvəlcə Səbinənin 1 böyük qutu
aldığı hala baxılır və müxtəlif ölçülü qutuların
ümumi sayı tapılır.
Məsələni 1 böyük qutu üçün həll edin.
Həlli 3 qutu üçün tamamlayın və cavabı tapın.
MƏSƏLƏLƏRİ GÖSTƏRİLƏN ÜSULLA HƏLL EDİN
1. Dülgərə bir taxta parçasını mişarla 2 hissəyə bölmək üçün
3 dəqiqə vaxt lazım gəlir. O belə taxta parçasını 7 hissəyə
bölməyə neçə dəqiqə vaxt sərf edər?
Göstəriş. Bu taxta parçasını 3 hissəyə bölmək üçün 2 dəfə, 4
hissəyə bölmək üçün isə 3 dəfə kəsmək lazımdır. Ümumi
vaxtı tapmaq üçün taxta parçasının neçə dəfə kəsildiyi tapılır
və 1 kəsimə sərf olunan vaxta (3 dəqiqə) vurulur.
2. Şahmat yarışında finala 3 oyunçu çıxdı. Onların hər biri digərləri ilə bir görüş keçirməlidir.
Finalda cəmi neçə görüş olmalıdır? Finalçıların sayı: a) 4; b) 5 olarsa, görüşlərin sayı nə
qədər olar?
3. Elxan 9 ağ rəngli kubu bir sıraya düzüb kuboid düzəltdi. O, alınmış kuboidi mavi boya ilə
rənglədi. Elxan kubları yenidən ayırsa, kubların cəmi neçə üzü rənglənmiş olar? Neçə üz
rənglənməmiş qalar?