Bölmə 4. Sağlamlıq və təhlükəsizlik
Məişət cihazları və elektrik avadanlıqları ilə davranış qaydalarını bilmək lazımdır. Cərəyan vurmasın deyə yaş əllərlə elektrik ötürücülərinə, yaxud cihazlara toxunmaq olmaz. Bıçaqdan, qayçıdan istifadə zamanı əlinizi bu alətlərin kəsici hissəsinə vurmamalısınız. Lakin hər hansı bir zədələnmə baş verərsə, ilk tibbi yardım bacarıqlarına malik olmağınız köməyinizə çatacaq.
Kəsik və yaralanma olduqda yara dərin deyilsə, ətrafı spirt və ya hidrogen peroksid məhlulu ilə təmizlənir, yara bandı ilə bağlanır. Qanaxma varsa, dayandırmaq üçün yaranın üstünə sarğı qoyulur. Bint mütləq steril, yəni təmiz olmalıdır. O, qanın dayanmasına kömək edəcək, yaranı mikroblardan qoruyacaq. Yanıq zədəsi aldıqda dərhal həmin hissəni soyuq suyun altına tutmaq lazımdır. Sonra yanıq dərmanlarından istifadə etmək olar. Dəridə yaranan suluqlara qətiyyən toxunmaq olmaz.
Yüngül zədələnmədən, yaxud günəş şüalarının təsirindən uşaqlarda burundan qanaxma halları olur. Bu zaman ən çox edilən səhvlərdən biri başı arxaya əyməkdir. Bu halla qarşılaşdıqda baş bir az önə əyilməlidir. Qan bir qədər axdıqdan sonra burun dəliklərindən bir az yuxarı hissədən tutub, 5-10 dəqiqə sıxımaq lazımdır. Bu vaxt nəfəs ağızla alınır. Burunun başlanğıc hissəsinə və ənsəyə isladılmış dəsmal, yaxud buz qoymaq olar. Bu halda qanaxma dayanacaq. Əgər dayanmasa, “Təcili tibbi yardım” çağırın.
Tez-tez rast gəlinən qəzalar arasında sınıqlar da olur. “Təcili tibbi yardım” yoldadırsa, gözləyin. Sınmış yeri qətiyyən düzəltmək və hərəkət etdirmək olmaz. Hərəkətsizlik ağrını nisbətən azaldacaq. Məsələn, əgər sınan barmaqdırsa, onu sağlam barmaqla birlikdə sarımaq lazımdır.