Bölmə 3. Dövlət və hüquq
Pullar xüsusi kağızdan və metaldan hazırlanır. Kağız pula əsginas, metal pula sikkə deyilir. Pulun üzərində aid olduğu ölkə ilə bağlı müxtəlif əlamətlər və simvollar təsvir edilir.
Azərbaycanın milli pul vahidi manatdır. Başqa dövlətlərin də öz pul vahidi var. Məsələn, lirə Türkiyənin, Amerika dolları Amerika Birləşmiş Ştatlarının, yuan Çinin, funt sterlinq Böyük Brita- niyanın pul vahididir. İyirmi Avropa ölkəsinin əsas pulu avrodur. Bu pul vahidlərinin hər birinin öz işarəsi var.
Müasir Azərbaycan manatının tarixi Azərbaycan Demokratik Respublikasının 1919-cu ildə çap etdirdiyi pullarla başlayıb. Müasir Azərbaycan dövlətinin ilk manatı isə 1992-ci ildə dövriyyəyə buraxılıb.
1 manat mədəniyyət mövzusuna həsr olunub. Üstündə tar, kamança, qaval, not açarı, arxa tərəfində isə qədim xalça naxışları və Azərbaycan xəritəsi təsvir edilib. 5 manat yazı və ədəbiyyat mövzusuna həsr olunub. Bir tərəfində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, qədim kitablar, Dövlət Himnindən bir parça və müasir əlifbamızın hərfləri əks olunub. Arxa tərəfində isə Qobustanın qaya rəsmləri və qədim türk əlifbası ilə yazı verilib. 10 manatlıq əsginasın üzərində qədim Bakı, Qız qalası, Şirvanşahlar sarayı, arxa tərəfində Azərbaycan xalçasının naxışları əks edilib. 20 manat Qarabağ mövzusuna həsr olunub. Üz tərəfində qılınc, dəbilqə, qalxan və sülh rəmzi olan xarıbülbül, arxa tərəfində milli naxışlar var. 50 manat təhsil və gələcək mövzusuna həsr edilib. Üz tərəfində pillələr, günəş, kimyəvi və riyazi simvollar, arxa tərəfində qədim Azərbaycan xalçalarının naxışları təsvir olunub.
Milli pula hörmət və ehtiramla yanaşmaq lazımdır. Onu cırmaq, əzmək, yazmaq olmaz.