Bölmə 3. Dövlət və hüquq
Ailə büdcəsi ailə üzvlərinin gəlirlərindən və xərclərindən ibarətdir. Dövlət də ailə kimidir. Onun da öz büdcəsi var. Ailə büdcəsi hesablanarkən ailənin biraylıq gəliri və xərci nəzərə alınır. Dövlət büdcəsi isə dövlətin birillik gəliri və xərcləri nəzərə alınaraq təşkil edilir. Ata və ananın məvacibi, nənə və babanın pensiyası ailənin gəliridir. Dövlətin gəliri isə onun təbii ehtiyatlarının və istehsal edilən malların satışından, vergilərin toplanmasından əldə edilir.
Ailə kimi, dövlətin də büdcəsində müəyyən xərclər nəzərdə tutulur. Bu xərclər inkişaf etdirilməli olan müxtəlif sahələrə sərf edilir. Həmin sahələrdən vacibləri təhsil, səhiyyə və mədəniyyətdir. Ölkəmizdə hər il bir çox təhsil və səhiyyə müəssisələri tikilir. Bundan başqa, binaların təmir edilməsinə, yeni avadanlıqların alınmasına da pul xərclənir. Hər il məktəblərdə şagirdlərə pulsuz dərsliklər paylanır. Dövlət hesabına müxtəlif mədəni tədbirlər, bayramlar, yubileylər keçirilir. Son illərdə azad edilən torpaqlarımızda dağıntıların aradan qaldırılması üçün çoxlu işlər görülür. Yeni binalar, məktəblər, kitabxanalar tikilir, yollar çəkilir, şəhər və qəsəbələr yenidən qurulur.
Ailə büdcəsi kimi, dövlət büdcəsində də xərclər gəlirdən çox olduqda borc yarana bilər. Borc yaranmaması üçün büdcəyə qənaət etmək, israfa yol verməmək lazımdır.