Bölmə 3. Dövlət və hüquq
Dövlət ərazisi, əhalisi, qanunları olan bir quruluşdur. Hər bir ailənin başçısı olduğu kimi, dövlətin də başçısı var. Azər- baycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezidenti səsvermə yolu ilə xalq seçir.
Dövlətin əsas məqsədi vətəndaşların hüquqlarını qorumaqdır. Bu iş dövlət orqanları vasitəsilə yerinə yetirilir. Hüquqlarımız müxtəlif olduğu kimi, onları qoruyan dövlət orqanları da müxtəlifdir.
Hər bir dövlət orqanının öz funksiyası var. Məsələn, bizim təhsil almaq hüququmuzu, onun qorunmasına nəzarəti Elm və Təhsil Nazirliyi həyata keçirir. Bu orqan həmçinin dövlətin elm və təhsillə bağlı qəbul etdiyi qanunları yerinə yetirir. Sağlamlığımızın qorunması üçün vacib olan işləri Səhiyyə Nazirliyi həyata keçirir.
Dövlətimizdə qanunları qəbul edən dövlət orqanı Milli Məclisdir. Xalqın seçdiyi millət vəkilləri burada müxtəlif qanunlar hazırlayırlar. Digər əsas dövlət orqanlarından biri də Nazirlər Kabinetidir. O, qanunların həyata keçirilməsinə nəzarət edir. Nazirlər Kabineti Prezidentə tabedir.
Dövlət orqanlarının adlarına diqqət etdikdə onların hansı funksiyanı yerinə yetirdiyini anlamaq olar. Məsələn, Fövqəladə Hallar Nazirliyinin əsas işi insanları qəzalardan, təbii fəlakətlərdən, fövqəladə hallardan qorumaq, bu halların nəticələrini aradan qaldırmaqdır. Təbiətin və canlılar aləminin qorunması işinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edir. Mədəniyyət Nazirliyi mədəniyyətin inkişafı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi insanların sosial təminatı, Gənclər və İdman Nazirliyi idman və gəncliyin inkişafı ilə bağlı məsələləri həyata keçirir.