Bölmə 2. Fərd, ailə və cəmiyyət
Dinlər müxtəlif mənəvi dəyərləri təbliğ edir. İslam dini başqalarına münasibətdə ədalətli və vicdanlı olmağı, böyüklərə, yaşlılara, özündən kiçiklərə hörmət etməyi öyrədir. Zəhməti və əməyi sevməyi, halal yolla qazanmağı, yalandan, haramdan uzaq olmağı deməklə müsbət mənəvi keyfiyyətlərin formalaşmasına təsir göstərir.
Hər bir dinin yayılmasında və inkişafında dini şəxsiyyətlərin rolu olub. Bu şəxsiyyətlər arasında peyğəmbərlər əsas yer tutub. Onlar insanlara dini və onun əsas qaydalarını öyrədiblər. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim” məhz peyğəmbər vasitəsilə insanlara çatdırılıb.
İslam dini elm və təhsilin vacib olduğunu deyir. “Qurani-Kərim” “Oxu!” sözü ilə başlayır. İslam peyğəmbərinin bu fikri isə çox məşhurdur: “Elm öyrənmək üçün uzaq Çinə belə get”. Lakin bəzən dinlərdən, dini kitablarda yazılan fikirlərdən istifadə edərək cəmiyyətdə həqiqətə uyğun olmayan düşüncələr, yanlış inanclar yaymağa çalışırlar. Bu isə insanlarda çaşqınlıq yaradır. Keçmiş zamanlarda insanların əksəriyyəti savadsız olduğu üçün din adı ilə onları aldatmaq daha asan idi. Məsələn, əvvəllər düşünürdülər ki, islam dini qızların oxumasını qadağan edir. Hətta Azərbaycanda Qızlar məktəbinin açılması üçün ziyalılar, xeyriyyəçilər uzun müddət mübarizə aparmalı olmuşdular. Halbuki müasir dövrdə qızların oxuması artıq adi haldır.