Bölmə 2. Fərd, ailə və cəmiyyət
İnsan ağlı, nitqi, düşünmə bacarığından başqa, həm də mənəvi keyfiyyətləri ilə digər canlılardan fərqlənir. Mənəvi keyfiyyətlər müsbət və mənfi xüsusiyyətlərin toplusudur. Onlar bizim davranışımıza, başqalarına qarşı münasibətimizə, hadisələrə yanaşmamıza da təsir göstərir.
Vətənpərvərlik, dürüstlük, vicdanlı olmaq, ailə qarşısında məsuliyyət hiss etmək, insanlara hörmətlə yanaşmaq, yaşlıların və özündən kiçiklərin qayğısına qalmaq müsbət mənəvi keyfiyyətlərdir. Paylaşmağı bacarmaq, səbirli və təmkinli olmaq, ətrafındakı insanlara sevgi ilə yanaşmaq da müsbət xüsusiyyətlər hesab edilir. Laqeydlik, xəsislik, sevgisizlik, hörmətsizlik isə insanın mənfi keyfiyyətləridir.
Nəzərə alın ki, heç bir insan yalnız müsbət və ya yalnız mənfi keyfiyyətlərə malik ola bilməz. Eyni zamanda heç kim dünyaya bu keyfiyyətlərlə birlikdə gəlmir. Ailəmiz, ünsiyyətdə olduğumuz insanlar, cəmiyyət bu keyfiyyətlərin formalaşmasına və inkişafına təsir göstərir. Məsələn, hər zaman sevilən, hörmət və qayğı ilə əhatə olunan bir uşaq ətrafında gördüyü bu münasibəti özündə də formalaşdırır və başqa insanlara da bu cür yanaşmağa çalışır. İncidilən, qayğı hiss etməyən insanda isə başqalarına qarşı inamsızlıq, sevgisizlik, qəzəb yarana bilər. Buna görə də doğmalarınızla, yoldaşlarınızla, tanıdığınız və tanımadığınız insanlarla ünsiyyətdə diqqətli olmaq lazımdır. Çünki biz ailənin, kollektivin, cəmiyyətin üzvüyük və sahib olduğumuz mənəvi keyfiyyətlər ünsiyyətdə olduğumuz başqa insanların mənəvi keyfiyyətlərinin formalaşmasına təsir göstərir.