Bölmə 2. Fərd, ailə və cəmiyyət
Ünsiyyət mədəniyyəti insanlarla münasibət qurmaq üçün vacib olan bacarıqların toplusudur. Bu bacarıqlardan ən əhəmiyyətlisi nəzakət qaydalarına əməl etməkdir. Salamlaşmaq və bu zaman gülümsəmək vacibdir. Təbəssüm sizin insanlara qarşı xoş niyyətlə yanaşdığınızı göstərir. Salamlaşma zamanı əl ilə görüşmək lazımdırsa, bunu əvvəlcə yaşca daha böyük olan insan etməlidir. Əgər salamlaşan tərəflərdən biri qadındırsa, əvvəlcə o, əl uzatmalıdır.
Söhbət zamanı tanımadığınız insanlara “sən” deyil, “siz” deyə müraciət etməlisiniz. Xüsusilə də onlar yaşca sizdən böyükdürlərsə. Həmsöhbətiniz diqqətinizin onda olduğunu hiss etməlidir.
Ünsiyyət bizə düşüncələrimizi demək, bir-birimizlə fikirlərimizi paylaşmaq üçün vacibdir. Təmkinlə danışmaq, qarşıdakı adamın söz deməsinə imkan vermək lazımdır. Başqasının sözünü kəsmək doğru deyil. Bəzən müəyyən məsələlərlə bağlı fikir ayrılıqları ola bilər. Nəzakətli insanlar belə hallarda səslərini yüksəltmir, kobudluğa yol vermirlər. Çünki bu vaxt qarşı tərəf də kobud davranacaq, nəticədə ortaq fikir əldə edilməyəcək.
İnsanları incitməmək, nəzakətli olmaq, kobudluq etməmək yaxşı xüsusiyyətlərdir. Lakin unutmaq olmaz ki, yeri gəldikdə zərərli təkliflərə, qəbulolunmaz fikirlərə mədəni şəkildə “yox” deməyi də bacarmaq lazımdır. Bununla fikrinizi ifadə etməkdən başqa, həm də özünüzü qoruyacaqsınız.