Bölmə 2. Fərd, ailə və cəmiyyət
Cəmiyyətdə o zaman hər şey qaydasında olur ki, onu təşkil edən müxtəlif qruplarda - ailələrdə, kollektivlərdə qayda-qanunlara, davranış normalarına və vəzifələrə əməl edilsin.
Vəzifə üzərimizə düşən və ya ailə böyükləri, müəllimlərimiz tərəfindən bizə tapşırılan işlərin yerinə yetirilməsidir. Ailədə hər kəsin öz vəzifəsi var. Ailə başçıları, yəni valideynlər uşaqlarının yaşamını təmin etməli, onların tərbiyəsi ilə məşğul olmalıdırlar. Övladlarını qayğı və sevgi ilə əhatə etməli, sağlamlığının qeydinə qalmalı, onları qorumalıdırlar. Bu onların vəzifəsidir.
Uşaqların ailədə vəzifələri valideynlərinin məsləhətlərinə və tapşırıqlarına əməl etmək, nizam-intizam qaydalarını qorumaq, valideynlərin yaratdığı səliqə- sahmanı pozmamaqdır. Bundan başqa, uşaqlar ev işlərində ailə başçılarına kömək etməli, dərslərini yaxşı oxumalı, öz otaqlarını səliqəli saxlamalıdırlar.
Ailədə çox zaman evin səliqə-sahmanı, təmizlənməsi, yeməyin və süfrənin hazırlanması və s. işləri analar edirlər. Lakin nəzərə almaq lazımdır ki, müasir ailələrdə hər iki valideyn işləyir. Ona görə də bir çox vəzifələr ailə üzvləri arasında bölüşdürülməlidir. Çünki ailə olmaq, birlikdə yaşamaq bunu tələb edir.
Uşaqların kollektivdə də müəyyən vəzifələri mövcuddur. Sizin kollektiviniz sinif olduğu üçün buradakı vəzifələrinizin əksəriyyəti məktəblə və təhsillə bağlıdır. Şagirdlər intizamlı olmalı, dərslərdə iştirak etməli, məktəbə gecikməməlidirlər. Müəllimlərin tapşırıqlarını yerinə yetirməli, oxuduqları sinfin və məktəbin avadanlığına zərər verməməli, təmizliyi qorumalıdırlar.