Bölmə 1. Canlı həyat
Ətrafda baş verən hadisələr, başqa insanlarla münasibətlərimiz, əhvali-ruhiyyəmiz sağlamlığımıza ciddi təsir göstərir. Məsələn, bayram şənliklərində iştirak etmək, təhsildə yüksək nəticələr qazanmaq, dostlarla və valideynlərlə birgə vaxt keçirmək uşaqların özünü xoşbəxt hiss etməsinə səbəb olur.
Əsəb və gərginliyin səbəblərindən biri də oturaq həyat tərzidir. İnsan hərəkətdə olarkən, oyun oynayarkən, söhbət edərkən özünü daha xoşbəxt hiss edir. Televizor, kompüter qarşısında uzun müddət oturmaq, telefonda oyun oynamaq isə gərginlik yaradır.
Unutmaq olmaz ki, əsəb və gərginlik insanın yalnız hansısa orqanına deyil, bütün bədəninə təsir göstərir və onun müqavimətini azaldır. Ürək və böyrəklərin işini pozur. Ürək döyüntüsünün artmasına, yorğunluğa, yuxunun və iştahanın pozulmasına, baş və mədə ağrılarına və s. səbəb olur.
İnsan əsəbi və gərgin anlarda özünü ələ almağı bacarmalı və bu vəziyyətdən çıxmaq üçün necə davranmaq lazım gəldiyini bilməlidir. Bunun üçün təmiz havada gəzmək, düzgün qidalanmaq, idmanla məşğul olmaq, münaqişələrdən uzaq durmaq lazımdır.