Bölmə 1. Canlı həyat
Heyvanlar həm təbiətdə, həm də insan həyatında mühüm rol oynayırlar. Qədim insanlar heyvanları ovlayaraq ətindən qida, dərisindən geyim, sümüyündən silah kimi istifadə etmişlər. Zaman keçdikcə onların insan həyatındakı rolu dəyişmişdir. At, inək, qoyun və s. heyvanlar insanın həyatında əhəmiyyətli yer tutur. Qoyun və inəklərin əti, südü, yunu və dərisindən istifadə edilir. Bal arısının balı əvəzolunmaz qidadır, ondan müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur, dərman hazırlanır. İpəkqurdunun hazırladığı sapdan ipək parçalar toxunur.
Hörümçəklər uşaqlara çox qorxulu görünür. Bəzi ölkələrdə hörümçək sancması nəticəsində hər gün bir neçə nəfər həkimə müraciət etməli olur. Lakin bu heyvanların faydası da var. Məsələn, dünyanın ikinci böyük adası olan Yeni Qvineyada balıqçılar hörümçəklərin torundan balıq tutmaq üçün istifadə edirlər. Hörümçək torundan parçalar da toxunur.
Müxtəlif növ balıqlardan, çay xərçəngindən, yengəcdən, bəzi meduzalardan qida kimi istifadə edilir. Əqrəbin, ilanın zəhərindən dərman hazırlanır. Zəlilərdən bəzi xəstəliklərin müalicəsində istifadə edilir.
İnsan üçün əhəmiyyətli olan heyvanlar kimi, bir çox xəstəliklərə səbəb olan ziyanlı canlılar da var. Onlar insan orqanizmindəki qida maddələrindən, insanın qanından istifadə edirlər. Orqanları zədələyir, müxtəlif zəhərlənmələrə səbəb olur və xəstəliklər törədirlər. Məsələn, bəzi qurdlar insanda müxtəlif xəstəliklər yaradır. Qurd xəstəliklərindən qorunmaq üçün gigiyena qaydalarına əməl etmək lazımdır. Milçək və ağcaqanadlar qurd xəstəliklərinin yayılmasına səbəb olduğu üçün onlarla daim mübarizə aparılmalıdır.