Bölmə 5. Hərəkət və enerji
Təbii ehtiyatlar tükənən və tükənməyən olur. Su, neft, təbii qaz, mis, qızıl və s. tükənən təbii ehtiyatlar, Günəş enerjisi, külək isə tükənməyən təbii ehtiyatlardır. Təbii ehtiyatlardan yanacaq, elektrik enerjisi, gübrə, kağız və s. almaq üçün istifadə olunur. Onlardan elektrik enerjisi əldə etmək insanların ən böyük elmi kəşflərindəndir. Bunun üçün gursulu çayların üzərində su-elektrik stansiyaları tikilir və suyun sürətindən istifadə edilir. Kür çayı üzərində Mingəçevir Su-Elektrik Stansiyası və Şəmkir Su- Elektrik Stansiyası var.
Kür çayı üzərində Mingəçevir Su-Elektrik Stansiyası və Şəmkir Su- Elektrik Stansiyası var.
Neft, qaz, daş kömür, torf kimi yanacaqlar vasitəsilə də elektrik enerjisi alınır. İstilik elektrik stansiyaları bu cür işləyir. Bu stansiyaların zərəri də var. Həm sərf edilən təbii qaz, neft, kömür tükənə bilər, həm də onlar yandırılarkən havaya zəhərli maddələr atılır.
Elm inkişaf etdikcə insanlar təbii ehtiyatlardan daha səmərəli və təbiətə zərər vurmadan istifadə etmək istəyirlər. Bu yollardan biri tükənməyən enerji mənbələri olan Günəş və külək enerjisindən istifadədir. Artıq Azərbaycanda da Günəş enerjisindən elektrik enerjisi alınır. Bunun üçün Günəş panellərindən istifadə olunur. Bakıda, Qobustanda, Naxçıvanda, Samuxda bu cür stansiyalar fəaliyyət göstərir.
Külək enerjisi də tükənmir və ətraf mühiti çirkləndirmir. İnsanlar hələ qədim zamanlardan küləyin gücündən istifadə edərək yelkənli gəmilər və yel dəyirmanları yaradıblar. Hazırda Abşeronda, Qobustanda, Xızıda külək enerjisi ilə işləyən stansiyalar mövcuddur.