Bölmə 5. Hərəkət və enerji
Yer kürəsinin müxtəlif hissələrində istilik və rütubətin qeyri-bərabər şəkildə paylanması təbii zonaların yaranmasına səbəb olur. Təbii zonaların torpaq və bitki örtüyü, heyvanlar aləmi bir-birindən kəskin şəkildə fərqlənir. Bitki və heyvanların qidalanması, həyat tərzi də zonadakı iqlim şəraitindən asılıdır. Məsələn, Arktika və Antarktida səhralarında temperatur çox aşağı olduğundan burada bitki örtüyü azdır. Yayda buzdan azad olan ərazilərdə mamır, şibyə və yosunlar yaranır. Bu yerlərin əsas sakinləri olan ağ ayı, morj, suiti, pinqvin və başqaları güclü külək və şaxtaya uyğunlaşıblar.
Tundrada isə yay çox qısa və soyuq olur. Qar yayda ərisə də, torpağın donu açılmır və bitkilər zəif inkişaf edir. Tundrada şimal tülküsü, qütb bayquşu, ağ kəklik, şimal maralı yaşayır.
Soyuğa davamlı tayqa meşələri də təbii zonalardandır. Meşələrdə istilik və rütubət kifayət qədər olduğundan bitkilərin əksəriyyəti həmişəyaşıldır. Burada qonur ayı, canavar, vaşaq, sığın, su samuru, dələ, qunduz, sincab, tetraquşu, ağacdələn, bayquş kimi heyvanlar yaşayır. Çöllər düzənlik və alçaq təpəliklərdən ibarətdir. Yay isti və quraqlıq keçir, ot örtüyü yaxşı inkişaf edir, taxıl bitkiləri geniş yayılır. Canavar, tülkü, dovşan, torağay, qartal çöl sakinləridir.
Savannalarda quraqlıq və yağıntı mövsümləri bir-birini əvəz edir. Çöldən fərqli olaraq, savannada otlar çox hündür olur. Ən geniş yayılmış ağac baobabdır. Savannada otyeyən heyvanlar, begemot, zürafə, leopard, dəvəquşu, aslan çoxdur.
Səhralarda isə temperatur yüksəkdir, rütubət çatışmır. Tikanlı kollar, kaktus kimi bitkilər, dəvə, ilan, kərtənkələ kimi heyvanlar üstünlük təşkil edir. Dünyanın ən böyük səhrası Afrikadadır.