Adil evə gəlib nahar etdi. Sonra ev tapşırıqlarını yerinə yetirdi. O, tez-tez atasının dünən bağışladığı saata baxırdı. Atası bu saatı Adilə verəndə demişdi:
-Sən artıq böyük oğlansan. Vaxtını planlaşdırmağı, rejimlə yaşamağı bacarmalısan. Ona görə də bu saatı sənə hədiyyə edirəm.
Saat beşin yarısında Adil idman paltarını geyinib evdən çıxdı. O, yolboyu necə futbol oynayacağını düşünürdü: "Görəsən, hücumçu olsam, yaxşıdır, yoxsa müdafiəçi? Əşi, nə fərqi var, təki qapıçı olmayım".
İdman malları mağazası Adilgilin evinin yanında, beşmərtəbəli binanın altında yerləşirdi. Mağazaya bitişik böyük bir aptek də var idi. Adil vitrindəki futbol toplarına nəzər saldı. Sarı-mavi rəngli top çox xoşuna gəldi. Fikirləşdi ki, pul çatsa, elə bu topu alsın. Bu vaxt o, aptekin qabağında bir qızın divara söykənib ağladığını gördü. Qız çox balaca idi. Birinci sinif şagirdinə oxşayırdı.
Adil qıza yaxınlaşıb soruşdu:
- Sənə nə olub, niyə ağlayırsan? Azmısan, ya səni incidiblər?
Qız burnunu çəkib başını buladı:
- Yox, azmamışam, məni heç kim incitməyib.
Mən... mən... anamın dərmanını salıb sındırmışam.
Uşaq yerdəki şüşə qırıntılarını göstərib bərkdən hönkürdü:
- Mən şüşəni bərk-bərk tutmuşdum, ancaq o, əlimdən sürüşüb düşdü.
- Deməli, anan xəstədir?
- Hə. Həkim gəldi, bir kağızın üstünə nə isə yazdı.
Anam həmin kağızı, bir də on manat pul verdi ki, aptekdən dərman alım.Adil ovcundakı pullara, bir də vitrindəki sarı-mavi topa baxdı. Aptekə daxil olub satıcıya yaxınlaşdı.
Əlindəki pulları piştaxtanın üzərinə qoyub dedi:
- Xahiş edirəm, bu uşağa verdiyiniz dərmandan birini də verin.
Adil dərmanı alıb qıza verdi. Bərk-bərk tapşırdı:
- Bax əlindən salma ha!
Uşaq uzaqlaşdıqdan sonra Adil saatına baxdı. Saat beş tamam idi..