Termit yuvasının çox mürəkkəb quruluşu olur. Hücrələr bir-biri ilə dar dəhlizlərlə birləşir. Ən maraqlısı isə odur ki, yuvada xüsusi havalandırma sistemi var.Bu sistem vasitəsilə termitlər hərarəti və rütubəti eyni dərəcədə saxlayır. Bunun üçün yuvanın içində xüsusi kanallar olur.
Termit yuvasının maraqlı xüsusiyyətlərindən biri də onun mühafizə sistemidir. Yuvanın divarlarında bir dəlik açılsa, həmin an həyəcan siqnalı verilir. Keşikçi termitlər başlarını divara vuraraq təhlükə barədə bütün koloniyaya xəbər verir. Uçulan hissə həmin an işçi termitlər tərəfindən əhatə olunur və qısa müddətdə bərpa edilir. Termitlər çox planlı şəkildə hərəkət edir, hər kəs üzərinə düşən işi yerinə yetirir.
Bu gözəl "bina"ları tikərkən termitlərin istifadə etdiyi material, sadəcə, torpaq və bu həşəratların ifraz etdiyi yapışqan maddədir. Bu cür sadə materialla içində labirintlər olan mürəkkəb sistemli yuvalar tikmək heyrətamizdir. Ən təəccüblüsü isə bu möhtəşəm yuvaları inşa edən termitlərin tamamilə kor olmasıdır. Onlar nə qurduqları tunelləri, nə də ucaltdıqları otaqları görə bilirlər.
Təbiətdə arı ailəsi kimi nizam-intizamlı, dəqiq iş bölgüsü olan ikinci bir ailə təsəvvür etmək çətindir. Ana arı ailəni çoxaltmaq üçün sürfələr qoyur. Bu sürfələrdən bala arılar əmələ gəlir. İşçi arılar çiçəklərdən şirə toplayıb gətirir. Keşikçi arılar evi arzuolunmaz "qonaqlarıdan qoruyur. Bir sözlə, bu ailənin hər bir üzvü öz vəzifəsini yaxşı bilir və onu məsuliyyətlə yerinə yetirir. Belə bir ailənin evi də, sözsüz ki, mükəmməl olmalıdır.
Arı yuvası pətək adlanır. Pətək çoxlu sayda altıguşəli hücrələrdən ibarətdir. Bu hücrələr şan adlanır. Şanların bəzilərində bal saxlanılır, bəzilərində isə ailə üzvləri yaşayır.