Bəs bu nazik ip hörümçəyi necə saxlayır? Necə olur ki, hörümçəkdən də iri cücülər bu iplə hörülmüş tordan canını qurtara bilmir?
"Hörümçək adam" filmini xatırlayın. Əsərin qəhrəmanı öz hörümçək ipləri ilə ağır əşyaları havaya qaldırır, hətta sürətli qatarı saxlayır. Əlbəttə, bütün bunlar fantastikadır. Lakin bir həqiqət var ki, əgər hörümçək adam boyda olsaydı, onun torundan hətta aslan, pələng xilas ola bilməzdi.
Tor hörümçək üçün həm yaşayış yeri, həm də ov üçün tələdir. Cücülər uçarkən torun nazik iplərini görmür, onlara ilişir. İplər yapışqanlı olduğundan cücülər tordan çıxa bilmir, əl-qol atır, özlərini daha çox iplərə dolaşdırır. Sonda hörümçək tələsmədən öz şikarına yaxınlaşır, arxayınca nahar edir.
Termitlər təxminən l-2sm böyüklüyündə həşəratlardır. Qarışqalar və arılar kimi, termitlər də ailə şəklində yaşayır. Termit ailəsi koloniya adlanır. Bəzi termit koloniyalarının yüz minlərlə üzvü olur.
Termitlərin yuvaları təbiətin inanılmaz möcüzələrindən biridir. Bu yuvaların hündürlüyü bəzən 7 metrə çatır. İnanmaq olmur ki, bu tikilinin "inşaatçı"ları balaca həşəratlardır.
Termit yuvasında saysız-hesabsız hücrələr olur. Bu, koloniya üzvlərinin otaqlarıdır. Burada ana termitin ayrıca otağı, bala termitlər üçün otaqlar, qida anbarları və s. var.