Dərs ilinin birinci günü idi. Yay tətili dövründə Adilgilin məktəbi tam təmir olunmuşdu. Ağappaq divarlar, tünd-yaşıl yazı lövhəsi, rəngli plakatlar, təzə rahat partalar adamda oxumaq, çalışmaq həvəsi oyadırdı.
Lakin 4-cü sinifdə oxuyan oğlanları daha çox başqa şey maraqlandırırdı. Onlar gözlərini pəncərədən çəkmirdilər. Sinfin pəncərələri futbol meydançasına açılırdı. Meydança isə gəl-gəl deyirdi. İndi onun yamyaşıl ot örtüyü vardı. Qapıların dirəkləri rənglənmiş, yeni tor çəkilmişdi. Meydançanın kənarları, hətta cərimə meydançası da ağ rənglə xətlənmişdi.
Sinfin başqa oğlanları kimi, Adilin də gözü pəncərədə idi. Hamı bu gözəl meydançada futbol oynayacağı anı böyük səbirsizliklə gözləyirdi.
Tənəffüs zamanı uşaqlar pəncərənin qarşısına yığışdılar.
- Gördünüz, əsl futbol meydançasıdır.
- Xətləri görürsən, necə aydındır?! Daha aut olanda heç kim mübahisə etməyəcək.
- Hətta penaltinin yeri də işarə olunub. Daha ayaqla on bir metr ölçməyəcəyik.
Uşaqlar qərara aldılar ki, dərsdən sonra gedib evdə nahar etsinlər, futbol oynamaq üçün valideynlərindən icazə alıb meydançaya yığışsınlar. Bu vaxt Ramiz dilləndi:
- Belə meydançada köhnə topla oynamaq düzgün olmaz. Bəlkə, pul yığaq, təzə top alaq? Hamı razılaşdı. Xırda pulla olsa da, düz on manat yığıldı. Bu isə yaxşı top almaq üçün kifayət idi. Pulu Adilə verib top almağı ona etibar etdilər. Qərara gəldilər ki, axşam saat beşdə meydançanın yanında yığışsınlar.