Günlər keçdi. Yazıq ördəkciyəzlə heç kim oynamaq istəmirdi. Hamı ona lağ eləyirdi, bəziləri hətta çimdikləyir, itələyirdilər. Axırda o dözməyib bu həyətdən uzaqlaşdı. Hasardan atılıb çölə tərəf getdi.
Ördək balası bütün günü gəzdi, nəhayət, gəlib bir daxmaya çıxdı. Qapının arasından keçib içəri girdi. Daxmada bir qarı yaşayırdı. Onun pişiyi və toyuğu var idi. Onlar çox lovğa idilər, özlərini evin sahibi sayırdılar.
- Sən siçan tutmağı bacarırsan?
- Yoooox, - deyə çirkin ördək balası qorxa-qorxa dedi.
Toyuqla pişik bir ağızdan dedilər:
-Yumurtlaya bilmirsən, siçan tuta
bilmirsən. Bəs sən nə bacarırsan?
Boş-boş veyillənməyi?!
Ördək oradan çıxıb getməli oldu. Yenə hara gedirdisə,
hamı ona gülür, çirkinliyinə görə ələ salırdı.
Qış gəldi, havalar soyudu, hər yan qara büründü. Ördəkcik çox üzürdü ki, donmasın. O qədər üzdü ki, axırda yorulub buzun üstünə yıxıldı.
Səhər tezdən yoldan keçən bir kəndli ördəkciyi gördü. O, quşu evə apardı. Ördəkcik evdə qızınıb özünə gəldi.
Beləcə, yaza kimi kəndlinin həyətində qaldı.
Kəndlinin balaca uşaqları vardı. Bir gün onlar ördəkciklə oynamaq istədilər. Amma o elə bildi ki, uşaqlar onu incitmək istəyirlər. Qorxudan həyətdə qaçmağa başladı. Axırda tullanıb süd qabının içinə düşdü.
Uşaqların anası onu tutmaq istədi. Ördəkciyəz qaçmaq istəyəndə yağ qabına düşdü, sonra unla dolu çəlləyə yıxıldı. Ay aman, gör indio nəyə oxşayırdı! Qadın maşanı əlinə alıb onun dalınca düşdü. Uşaqlar da qışqıra-qışqıra onun arxasınca qaçdılar. Yazıq ördəkciyəz qapıdan çıxıb bayıra qaçdı. Özünü kolluğa verdi.