1878-ci ildə alman mexaniki Karl Bens benzinlə işləyən mühərrik ixtira etdi. 1885-ci ildə isə o bu mühərriki avtomobilə quraşdırdı. Onun ilk avtomobili üçtəkərli idi.
O dövrdə avtomobilə maraq az idi. Hələ avtomobil yolları yox idi. Benzin isə yalnız apteklərdə təmizləyici maddə kimi satılırdı.
Karl Bensin avtomobilinin məşhurlaşmasında onun həyat yoldaşı Berta Bensin böyük rolu oldu. Bir gün Berta avtomobilə minib başqa şəhərə getdi. O, gün boyu 106 km yol qət etdi. O dövr üçün bu, görünməmiş hadisə idi. Bir çox qəzetlər bu haqda yazdılar. Beləliklə, yavaş-yavaş avtomobilə maraq artmağa başladı.
İlk avtomobillər faytona bənzəyirdi. 1901-ci ildə alman ixtiraçıları Daymler və Maybax yeni avtomobil modeli hazırladılar. "Mersedes" adlanan bu model müasir tipli avtomobillərin ilk nümunəsi idi. İlk Mersedes saatda 72 km sürət yığa bilirdi.
Amerikalı biznesmen Henri Fordun 1903-cü ildə yaratdığı "Ford Motor” avtomobil zavodu tezliklə dünyanın ən iri şirkətlərindən birinə çevrildi. . Onun istehsal etdiyi "Ford-T" modeli dünyada ən çox satılan avtomobil oldu. Bu avtomobilin qiyməti ucuz, keyfiyyəti isə yüksək idi. Henri Ford tez bir zamanda milyondan çox avtomobil istehsal edib satdı.