Oxuyacağınız mətnə nəzər salın: yarımbaşlıqları oxuyun və
şəkillərə baxın. Sizcə, bu mətndə nədən danışılır? Siz bu haqda nə
bilirsiniz?
ƏN MÜHÜM İXTİRA
Ətrafınıza diqqətlə baxsanız, görərsiniz ki, bir çox maşın və
mexanizmlərin əsas hissələri təkər formasındadır. Yalnız
avtomobillər, qatarlar deyil, gəmilər və təyyarələr də təkər
vasitəsilə hərəkətə gəlir. Lakin buna qədər təkər böyük bir
inkişaf yolu keçmişdir...
Təkər nə vaxt icad edilib?
Bu gün təkər çox sadə bir əşya kimi görünür. Amma onu icad etmək heç
də asan olmayıb. Təkəri ilk dəfə kim, nə vaxt və harada ixtira edib?
Bu, hələ də sirr olaraq qalır. Bir şey dəqiq məlumdur ki, bu
ixtiranın 5 min ildən çox yaşı var.
İlk təkərləri necə düzəldirdilər?
Əvvəlcə insanlar ağır yükü ağac tirlərinin üzərinə qoyub
diyirlədirdilər. Beləliklə, onlar anladılar ki, dairəvi əşya
üzərində yük daşımaq daha rahatdır.
Daha sonra isə insanlar iri ağac tirini eninə kəsib dairəvi taxta
lövhələr düzəltdilər. Lövhələrin mərkəzində deşik açaraq ona ox
bərkitdilər. İki belə lövhəni oxla birləşdirdilər. Beləliklə, ilk
nəqliyyat vasitəsi - araba meydana gəldi.