Bir gün atamla paralimpiyaçıların basketbol yarışına getdik. İdmançıların oyunu məni valeh etmişdi. Güclü qolları ilə oturduqları arabanı idarə etmələrinə heyran olmuşdum. Nəhəng bədənli idmançılar topu səbətə atanda arabaları sanki havada uçurdu.
Həmin oyundan sonra basketbol məktəbinə yazıldım. Özüm üçün ciddi rejim qurmuşdum: hər gün üç saat məşq edirdim. Dünyanın ən güclü basketbolçularının həyat tərzi ilə maraqlanır, uğur hekayələrini oxuyurdum.
Bəzən oyunlarda məğlub olurduq. Bu məni çox sarsıdırdı, heç cür məğlubiyyəti qəbul edə bilmirdim. Atam isə həmişə mənə deyirdi.-Ade, unutma, məğlubiyyət yeni qələbələr üçün təkandır. Təslim olma, yenidən cəhd et və daha yaxşı et.
İllər sonra məni milli komandaya qəbul etdilər. Komandamız Sidneydə keçiriləcək Paralimpiya yarışlarında iştirak edirdi. Yarımfinal uğrunda mübarizə gedirdi. Bizim komandamız bir xal ilə geridə idi. Rəqib komandanın oyunçusu topu əlimdən almaq istəyirdi. Oyunçunun sərt hərəkətləri nəticəsində komandamız cərimə zərbəsi atmaq hüququ qazandı. Topu mənə verdilər. Həyəcanlı dəqiqələr idi, oyunun bitməsinə saniyələr qalmışdı. Bu topu səbətə sala bilməsəm, komandamız uduzacaqdı. Arabamı irəli sürüb topu səbətə yönəltdim. Top səbətə düşənə qədər keçirdiyim hissləri təsvir etmək çətindir. İndi hesab bərabərləşmişdi. Sonuncu saniyə və sonuncu top! Komandamız qalib gəlmişdi. Xəyallarım gerçəkləşmişdi.