Ailəmiz İngiltərəyə köçəndə 3 yaşım var idi. Xatirələrimdə doğulduğum yer haqqında yalnız yaşıl meşələr qalıb. Bu gün 24 yaşımda yenidən Nigeriyadayam. Yolboyu uzanan meşələr məni uşaqlıq illərimə aparır.
Şəhərə köçəndən sonra ilk gün idi ki, məktəbə gedirdim. Həyəcanlı idim. Amma sinif yoldaşlarımla tanışlıq bu həyəcanı yox etdi. Elə ilk gündən onlara alışdım. Sanki illərdir ki, bir sinifdə oxuyurduq.
Dərsdən sonra məktəbin arxasındakı futbol meydançasına toplaşdıq. Həmin gün siniflərarası yarış keçirilirdi. Mən kənarda əyləşib oyunu seyr edirdim. İkinci hissədə məni də oyuna dəvət etdilər. Qapıda dayanacaqdım. Çox həyəcanlı idim. Bu mənim üçün gözlənilməz oldu. Mən indiyə qədər futbol oynamamışdım. Heç bu haqda düşünməmişdim də. Ayağıma taxılmış dəmir dayaqla necə futbol oynaya bilərdim?!
Birtəhər həyəcanımı boğub qapıda dayandım. Bir neçə dəqiqədən sonra üzərimə şığıyan topu tutdum. Bütün azarkeşlər məni ayaq üstə alqışlayırdılar. Məncə, bu alqışa layiq idim, axı topu vuran rəqib komandanın ən güclü oyunçusu idi.
Həmin hadisə mənim həyatımı tamamilə dəyişdi. Bu dəyişiklik valideynlərim üçün də gözlənilməz oldu. Bütün günü öz otağında oturub kitab oxuyan oğulları indi idman meydançasından əl çəkmirdi. Onu da qeyd edim ki, mütaliə mənim üçün həyat tərzi idi: həftəyə bir kitab...