Basketbol oyununun tarixi
1891-ci ildə Amerikada Ceyms adlı bir idman müəllimi yeni oyun fikirləşdi. O, məktəbin həyətində bir dirək basdırdı. Həmin dirəyin yuxarısına taxta səbət bərkitdi. Şagirdlərinə futbol topu verdi ki, onu müəyyən məsafədən atıb səbətə salsınlar. Uşaqlar iki komandaya ayrılıb növbə ilə topu səbətə atmağa başladılar. Kim səbətə daha çox top salırdısa, o da qalib gəlirdi. Müəllim bu oyuna basketbol adı verdi. Basket ingilis dilində "səbət", ball isə "top" deməkdir.
Oyun hamının xoşuna gəldi. Bir azdan Amerikanın hər yerində böyüklər də, balacalar da basketbol oynayırdılar.
Çox keçmədi ki, basketbol üzrə idman yarışları keçirməyə başladılar.
Basketbol meydançası və topu
Basketbol meydançası düzbucaqlı formada, bərk və hamar olur. Meydançanın uzunluğu 28 metr, eni isə 15 metr olmalıdır. Meydançanın hər iki başında quraşdırılmış dirəyə lövhə bərkidilir. Lövhədən səbət asılır. Bu səbət yerdən 3 metr hündürlükdə olur.