İnsanlar bilikləri gələcək nəsillərə ötürmək məqsədilə yazını, daha sonra isə kitabı kəşf ediblər. Belə bir deyim var: "Kitab bilik mənbəyidir". Biz bu biliklərə mütaliə etməklə yiyələnirik. Bəs mütaliənin hansı faydaları var? Mütaliə etmək nə üçün vacibdir?
Mütaliə insan zəkasının inkişafında mühüm rol oynayır. Çox kitab oxuyan insanlar zəngin dünyagörüşü ilə başqalarından fərqlənirlər. Belə insanlarla söhbət etmək həmişə maraqlı olur. Ətrafda hamı onlara hörmətlə yanaşır.
Yaxşı yazıçı hadisələri elə təsvir edir ki, oxucunun da təxəyyülünü işə salsın. Çox vaxt personajların görünüşü, geyimi, səsi, gələcəyi, keçmişi haqqında detalları oxucu özü təxmin edir.
Çox kitab oxuyan insanın zəngin söz ehtiyatı olur. Fikirlərini daha yaxşı ifadə edə bilir. Mütaliəli insan rəvan və axıcı danışır. Buna görə də həmsöhbətləri onu həvəslə dinləyirlər.
Bədii əsərləri mütaliə edərkən oxucu özünü qəhrəmanın yerinə qoyur. Onun emosional vəziyyətini, yaşantılarını hiss edir. Beləliklə, oxucuda həmsöhbətini anlamaq kimi vacib bir bacarıq formalaşır. Bu xüsusiyyəti olan insanlar isə ətrafdakılarla asanlıqla ünsiyyət qururlar.