Satıcı ona fikir vermirdi, öz işində idi. Tonino özünü itirdi. Nə edəcəyini bilmirdi. Öz-özünə düşündü: "Dondurmanı götürüb pulunu ödəmədən gedim? Yox, yaxşı deyil. Axı bu, oğurluq sayılır. Nə olsun ki, məni heç kim görmür". O, dondurmanı yerinə qoyub mağazadan çıxdı.
Tonino yorğun və bir az da qorxmuş halda evə qayıtdı. Qapını açıb içəri girdi. Anası eyvanda dayanıb oğlunu gözləyirdi.
-Ana, mən gəldim! - Tonino qışqırdı.
Ancaq anası onu eşitmirdi. Narahatlıqla küçəyə baxır, öz-özünə deyirdi:
- Görəsən, Tonino niyə gecikir? Bəlkə, başına bir hadisə gəlib?
Tonino ağlamağa başladı: "Mən daha görünməz olmaq istəmirəm. İstəyirəm ki, anam məni görsün, yoldaşlarım mənimlə oynasın, müəllim məndən dərs soruşsun..."
Tonino ağlaya-ağlaya həyətə düşdü. Skamyalardan birində qoca kişi oturmuşdu. Tonino qocanın yanında əyləşdi.
- Niyə ağlayırsan? - deyə qoca soruşdu.
- Oy, siz məni görə bilirsiniz? - deyə Tonino sevindi.
- Görürəm, nə olub ki? Hər gün sənin məktəbə getdiyini və evə qayıtdığını görürəm.
- Nədənsə mən sizi heç vaxt görməmişəm.
- Bilirəm, heç kim mənə fikir vermir. Yaşlı, tənha qocayam... Axı uşaqlar niyə məni görsünlər ki? Mən onlar üçün görünməz adam kimiyəm...
-Tonino! - anası onu eyvandan çağırdı.
- Ana, sən məni görürsən?
- Tonino, bəsdir nadinclik etdin, əlbəttə, görürəm. Bayaqdan sənə görə narahatam! Tez evə gəl!
- Gəlirəm, ana! - Tonino sevincək qışqırdı:
O, qoca ilə sağollaşıb astaca dedi:
- Siz məni xilas etdiniz!