Bir gün Tonino dərsə hazırlıqsız gəlmişdi. Məktəbə yaxınlaşanda öz-özünə düşündü: "Nə olaydı, kaş görünməz olaydım. Müəllim məndən dərs soruşmayaydı".
Dərs başlandı. Müəllim bir-bir uşaqların adlarını çəkir, dərsə gəlməyənləri jurnalda qeyd edirdi. Öz adını eşidəndə Tonino yavaşca: "Buradayam", - deyə cavab verdi. Uşaqlar ətrafa boylandılar. Müəllim də bir az susub sinfə göz gəzdirdi. "Müəllim, mən buradayam", - deyə Tonino bu dəfə ucadan dilləndi.
- Görəsən, Toninoya nə olub ki, dərsə gəlməyib? - deyə müəllim jurnalda nə isə qeyd etdi.
Tonino sevincindən atılıb-düşdü:
- Oho! Deyəsən, mən, doğrudan da, görünməz olmuşam.
O, sinifdə gəzib qızlardan birinin saçını dartdı, başqa birinin qələmini yerə atdı. Sinfə çaxnaşma düşdü. Hamı bir-birini günahlandırıb müəllimə şikayət edirdi.
Tonino o ki var dəcəllik etdi. Onu nə görür, nə də eşidirdilər. Bəli, indi Tonino tam sərbəst idi, istədiyini edə bilirdi.
Nəhayət, qəhrəmanımız bu oyundan yoruldu. Məktəbdən çıxıb avtobusa mindi. Boş bir oturacaq tapdı və sakitcə orada oturdu. Növbəti dayanacaqda bir qadın ağır çanta ilə avtobusa daxil oldu. Toninonun yanındakı boş yerdə əyləşib çantasını onun qucağına qoydu. Çanta havada asılı qaldı. Qadın ayağa qalxıb qışqırdı:
- Bu nə möcüzədir? Çantamı qoyuram, havada qalır.
Tonino o ki var güldü. O, növbəti dayanacaqda avtobusdan düşüb yaxındakı mağazaya girdi. Soyuducudan bir dondurma götürüb satıcıya yaxınlaşdı. Pulu ona uzadıb dedi:
Zəhmət olmasa,dondurmnın pulunu çıxın.