Böyük bir gölün qırağındakı qamışlıqda üç qaz yaşayırdı. Onlar çox mehriban dost idilər. Heç vaxt bir-birini incitməzdilər. Həmişə bir yerdə olardılar. Günlərinin çox hissəsini ya üzməklə, ya da uçmaqla keçirirdilər. Bir gün qazlar göldə üzən Qu quşu ilə rastlaşdılar. Quşun gözəlliyinə valeh oldular. Onun bəmbəyaz tükləri dostları heyran elədi. Onlar bu gözəl quşla tanış olmaq üçün ona yaxınlaşdılar.
- Necə də gözəldir! - deyə dostlardan biri heyranlıqla ucadan dilləndi.
Qu quşu özünü eşitməzliyə vurdu. Sonra saymazyana oradan uzaqlaşdı. Onun bu hərəkəti dostların qəlbinə toxunsa da, heç nə demədilər.
Aradan xeyli vaxt keçdi. Tənha Qu quşunun davranışında heç nə dəyişmədi. O, yenə göldə tək-tənna üzür, heç kimlə bir kəlmə də danışmırdı. Dostlar onu öz dəstələrinə qoşmaq üçün daha bir cəhd etdilər. Onlar Qu quşuna yaxınlaşıb soruşdular:
- Bu gün gəzintiyə çıxacağıq. Bizimlə getmək istəyirsən?
-Yox, istəmirəm! Sizin kobud səsiniz var. Lələkləriniz də çirklidir.
Gözəl bir quşun belə acıdil olması qəribə idi.
Qış gəlmişdi. Gölün suyu çox soyuq idi. Donmamaq üçün tez-tez hərəkət etmək lazım idi. Buna görə çox vaxt dostlar səmada olurdular. Bir gün uzun uçuşdan sonra gölə qayıtdılar. Axşam düşəndə bir-birinə sığınıb yatdılar. Səhər açılanda dəhşətli bir mənzərə ilə qarşılaşdılar.