Qazax. Kosalar kəndi. Kəndin ağsaqqalları həyətdə yığışıblar. Badisəba xanım onlarla söhbət edir.
Badisəba xanım: Hamınıza məlumdur ki, gənclərimiz təhsil almaq üçün illərdir Gürcüstana, Qori Seminariyasına gedirlər. Başqa ölkəyə getmək, orada yaşamaq imkanı olmadığından bir çoxları təhsil ala bilmir.
Məşədi Həsən (təəssüflə): Bəli, elədir. Mən oğlumun oxumasını, savad almasını çox istəyirdim. Amma ki Qori hara, biz hara? Fağır uşağın da arzusu ürəyində qaldı.
Badisəba xanım: Bilirsiniz, Qori Seminariyasının Azərbaycan şöbəsinin vətənimizə köçürülməsi üçün imkan yaranıb. Lakin qərara alıblar ki, seminariya paytaxt Bakıda deyil, Qazaxda fəaliyyət göstərsin. Amma harada? Bunun üçün bina lazımdır. Nə məsləhət görürsünüz? Övladlarımız üçün açılan bu nicat yolunu bağlaya bilmərik!
Sükut. Yığıncağa toplaşanlar bir-birinə baxır. Kəndin sakini Məşədi İbrahim qabağa çıxır. Üzünü Badisəba xanıma tutur.
Məşədi İbrahim (təmkinlə): Artıq hamımız anlayırıq ki, savadsız camaatı olan bir xalq inkişaf edə bilməz. Savadsızlıq insanı nökər edər. Hamımız övladlarımızın xoşbəxtliyini istəyirik. Sizin də uşaqların tərbiyəsi, təhsil alması üçün necə çalışdığınızı bilirik. Qazaxda yetim, kimsəsiz uşaqlar üçün uşaq evi yaratmısınız. Küçələrdə ac-yalavac dolaşan uşaqların həyatını xilas etmisiniz. Amma, necə deyərlər, tək əldən səs çıxmaz. Bu işdə birlik lazımdır.