Dik və Co istidən çat-çat olmuş torpağın üstündə bir xeyli gəzdikdən sonra gölməçədən su içən antilop sürüsü ilə rastlaşdılar. Co tez nişan alıb onlardan birini vurdu. Elə bu vaxt atəş səsi eşidildi.
- Bu, tüfəng səsidir! Samuel təhlükədədir,-Dik təlaşla dedi.
Onlar tez səs gələn tərəfə qaçdılar. Hava şarına yaxınlaşanda gördülər ki, bir neçə meymun səbətə dırmanmağa çalışır. Meymunları qorxutmaq üçün Samuel ard-arda atəş açdı. Qorxuya düşən heyvanlar dağılışmağa başladılar. Səyyahlar tez hava şarına minib yuxarı qalxdılar.
Onlar müəyyən olunmuş marşrut üzrə səyahətlərinə davam etdilər. Samuel durbini əlindən yerə qoymur, ən xırda detalları belə izləyirdi. Ətrafda heç bir insan gözə dəymirdi. Onlar axşama yaxın bir dağın yamacında aşağı endilər.
- İndi burada rahat yata bilərsiniz,-deyə Samuel dilləndi.
- Bəs sən niyə yatmırsan?-deyə Dik soruşdu.
- Bu gecə mənim gözümə yuxu getməz. Külək istiqamətini dəyişməsə, sabah Nilin mənbəyinə çata bilərik. Əvvəlki səyyahların qeydləri ilə mənim hesablamalarım üst-üstə düşür. Mənə elə gəlir ki, məqsədə çatmağımıza çox az qalıb. Bu isə məni həyəcanlandırır. İndiyə qədər açılmamış bir sirrin astanasındayıq, necə yata bilərəm?!
Növbəti gün səhər tezdən yola çıxdılar. Şiddətli külək onları cənub-qərbə doğru aparırdı. Nəhayət, dağların başında bir göl göründü. Gölün qayalıq sahillərindən aşağıya doğru bir çay axırdı. Samuel həyəcanla dilləndi:
- Baxın! Dağlardakı göldən başlayan bir çay var imiş. Bu, Nil çayıdır!
- Niyə belə əminsən?-deyə Dik şübhə ilə dilləndi.
- Baxın, çay şimala doğru axır. Nil cənubdan şimala axan yeganə çaydır.
- Bəs göl?.. Görəsən, bu hansı göldür?
- Gəlin bu gölü hava şarımızın şərəfinə "Viktoriya" adlandıraq...