Samuel Fergüsonun Dik Kennedi adlı dostu var idi. Onlar gənc yaşlarında Hindistanda tanış olmuşdular. O vaxtlar Dik ovçuluqla, Samuel isə bitki və böcəkləri araşdırmaqla məşğul idi. Sonrakı illərdə yolları ayrılsa da, əlaqələrini heç vaxt kəsməmişdilər.
Bir gün Dik qəzetləri vərəqləyirdi. Birdən gözü bir yazıya sataşdı.
"Nəhayət, Afrikanın geniş ərazilərinin
sirri açılacaq. Əvvəllər Nil çayının
mənbəyini tapmaq əlçatmaz bir xəyal
hesab olunurdu. Bir çox cəsur səyyahlar
bu yolda əhəmiyyətli addımlar atıblar.
İndi isə onların bitirə bilmədiyi işi
Samuel Fergüson öhdəsinə götürür.
Özü də hava şarı ilə. Bu səyahətlə bağlı
ən son xəbərləri qəzetimizin növbəti buraxılışlarında
öyrənə bilərsiniz".
|
Dik özünü saxlaya bilməyib bərkdən qışqırdı: "Yox, ola bilməz! Bircə bu çatmırdı! Afrikaya hava şarı ilə?! Axı bu çox təhlükəlidir! Mən ona mane olmalıyam".
Ertəsi gün Dik Londona yola düşdü. Axşama yaxın o artıq dostunun evinin qarşısında idi. Qapını Samuel açdı, dostunu görüb təbəssümlə dedi:
- Xoş gördük, Dik. Səndən nə əcəb?
- Hələ bir soruşursan? Sənin bu dəliliyin qoyur ki, rahat oturaq?! Həqiqətən, səyahətə çıxacaqsan?
- Dostum, sən heç narahat olma. Əlbəttə, sənə öncədən xəbər verməliydim. Ancaq bil ki, sənsiz heçyerə gedən deyildim.
- Sən hələ məni də bu təhlükəyə atmaq istəyirsən?!
- Sənə güvənirəm, Dik. Buna görə də bir başqasını yox, məhz səni seçdim. Məni onca dəqiqə dinləsən, təşəkkür edəcəksən.
Onlar bir saat bu haqda söhbət etdilər. Dik nə qədər dil töksə də, dostunu fikrindən daşındıra bilmədi. Axırda əlacsız qalıb soruşdu:
- Bəs niyə hava yolu ilə?
- Quru yolla səyahət edənlər məqsədlərinə çata bilməyiblər. Mən hava şarı ilə səyahət üçün bütün hazırlıqları görmüşəm. Ürəyini buz kimi saxla.
Dikin razılaşmaqdan başqa çarəsi qalmadı; axı dostunu tək buraxa bilməzdi.