- Aydındır. O sizi görmür, uşaqlar. - Necə yəni görmür? - Siz başqa planetdənsiniz, bioloji fərqimiz var. Ona görə də kiborqların sensorları sizdən və əşyalarınızdan gələn siqnalları tuta bilmir. Odur ki sizi bir obyekt kimi tanımır, görmür. - Bu ki əladır! - Rüstəm qışqırdı. - O bizi görmür, biz isə onu görürük! Lemi uşaqların əynindəki hamam xalatlarına baxıb soruşdu: - Sizin paltarlarınız hanı? İndi onlar bizə çox lazımdır! Dostlar bir-birinə baxdılar. Rüstəm dedi: - Düzü, paltarlar elə çirklidir ki, heç əynimizə almaq istəmədik. Lemi çirkli paltarları maşının içinə yerləşdirib bərkdən dedi: - Rəngli paltarlardır. Həddən çox çirklidir. Maşın işə düşdü. Kənan təəccübləndi: - Sən düymə-filan basmadın. Yuyucu toz da tökmədin. O necə yuyacaq? - Bu, intellekti olan maşındır, mənim dediklərimi başa düşdü.Özü uyğun rejim və yuyucu toz seçdi. II hissə
* * *
Lemi bu planetdə qalan, bəlkə də, yeganə insan idi. Qızcığaz üzərinə düşən böyük məsuliyyəti yaxşı anlayırdı. O, kompüterin qarşısına keçib bütün kosmik fəzaya həyəcan siqnalı göndərdi və kömək istədi. Bir müddətdən sonra monitor işıqlandı. Öz ağıllı evində gizlənmiş doktor Fobo göründü. Lemi onu dostlarına təqdim etdi. |
- Doktor Fobo atamın dostudur. O, planetdə ilk intellektual idarə sisteminin qurucularından biridir. Onun 140yaşı var.
Rüstəm və Kənan artıq heç nəyə təəccüblənmirdilər, ona görə də heç nə soruşmadılar. Lemi dostlarını doktor Foboya təqdim edəndən sonra planetdə yaranmış vəziyyəti onunla ətraflı müzakirə etdi.
Doktor Fobo söylədi:
- Planetdəki bütün kiborqları ana kompüter idarə edir. Təəssüf ki, ona nəzarəti itirmişik. Mən ana kompüterin beynini dəyişməliyəm. Ancaq onun yerləşdiyi yerə getmək mümkün deyil. Əgər ağıllı evdən çıxsam, kiborqlar məni tutacaq.