Rüstəm və Kənan duş qəbul edib yemək otağına gəldilər. Lemi oğlanların hər birinə konserv şəklində dəmir qab verdi. İçərisində souslu bişmiş ət var idi. Üstəlik, qab yeməyi özü qızdırırdı. Uşaqlar neçə vaxtdan bəri ilk dəfə doyunca yedilər. Süfrədəki rəngbərəng həblər Rüstəmin diqqətini çəkdi:
- Lemi, bunlar da yeməlidir?
- Yeyə bilərsiniz. Burada təbii ərzaq az tapılır, süni ərzaq və vitamin həblərdən istifadə edirik. Hər yerdə şəhərlər və meqapolislər salınıb. Təəssüf ki, əkib-becərmək üçün torpaq sahələri azdır.
Qəflətən yuxarıdan tappıltı eşidildi. Kənanla Rüstəm təşvişə düşdü:
- Lemi, orada kimsə var!
- Qorxmayın, bu, Kibodur.
- Kibo?! - oğlanlar şübhə ilə soruşdular. - O kimdir?
- Bizim evin xidmətçisi. O da kiborqdur. Zahirən bizə bənzəyir. Bizim kimi intellekti var: danışır, yadda saxlayır, öyrənir, ən əsası da düşünüb qərar verə bilir.
- Yəni kiborqlar yalnız zahirən insana bənzəyir, daxilən insan deyil?
- Bəli. Onlar yemək yemir, yorulmurlar. Qorxu, sevinc kimi hissləri yoxdur.
- Lemi, bəs kiborqu evində saxlamağa qorxmursan? - Rüstəm maraqla soruşdu.
- Uşaqlar, ağıllı evdə hər şey ev sahibinə məxsusdur. Qorxmayın, bizim Kibo zərərsizdir.
Lemi Kibonu yanına çağırdı. Qısa qəhvəyi saçları olan mavigözlü oğlan asta yerişlə onlara yaxınlaşıb bir neçə metr aralıda dayandı. Əvvəl Lemiyə baxdı. Sonra baxışlarını Rüstəmin üzərində saxladı. Lemi onun qonaqlara salam vermədiyinə təəccübləndi:
- Kibo, bunlar mənim qonaqlarımdır. Salamla onları.
- Lemi, burada təkcə sən varsan. Bir də stolun arxasında iki ədəd xalat görürəm. Onlar da sanki oturublar. Belə şey ilk dəfədir.