V hissə
* * *
Artıq bir neçə gün idi ki, uşaqlar Axonun yaşadığı qəbilədə qalırdılar. Burada Qunn adlı bir oğlan tez-tez Kənana hücum edir, onun əşyalarını almağa çalışırdı. Bir dəfə də Kənanın Lemidən yadigar qalan saatını zorla almaq istəmişdi. Buna görə də qəbilə başçısı Qunnu qəbilədən qovmuşdu. Bu cəza ibtidai insan üçün ölümə bərabər idi. Odur ki Qunn heyfini çıxmaq üçün fürsət axtarırdı. Bir gün çayın kənarında Qunn əlində iri toppuz onların qabağını kəsdi. O, toppuzu yuxarı qaldıranda möcüzə baş verdi - Qunn inildəyib qolunu tutdu, toppuz əlindən yerə düşdü; o səndələyib dizi üstə çökdü. Elə bu an Kənan gördü ki, qolundakı saatın işıqları yanıb-sönür: "Bu nədir?.. Lemi?.." - Yaxşısınız, dostlar?-arxadan Lemininsəsi eşidildi. Uşaqlar çevrilib baxanda ağacların arasında Lemini gördülər. Kənan həyəcanla qışqırdı: - Lemi, nə yaxşı ki, gəldin, bu vəhşi ilə bacara bilməzdik. Odur, qaçıb getdi. |
VI hissə
* * *
- Axo, biz gedirik! Öz yerimizə, öz zamanımıza qayıdırıq! - bu sözləri Kənan həyəcandan səsi tutula-tutula dedi. - Bizi unutma! Axo təəccüblə onlara baxırdı. Birdən Rüstəm qışqırdı: - Axo, sən də gəl! Kənan Rüstəmin qolundan tutub silkələdi: - Sən nə edirsən?! O gedə bilməz, o qalmalıdır! - Kənan, o bizim Daş dövründə olduğumuzun canlı şahididir! - Eqoist olma, onu da düşün! Onun yeri buradır, o burada xoşbəxtdir! - Elm qurbanlar tələb edir! - Nə deyirsən?! Ona həyatımızı borcluyuq, biz onu qurban verə bilmərik! Rüstəm köksünü ötürdü. Üzünü ibtidai insan övladına çevirdi: -Axo, əlvida! Hər şeyə görə sağ ol! Sənin böyük ürəyin var, sən güclüsən! |