III hissə
* * *
Gün batmağa doğru gedirdi. Meşənin vahiməsi uşaqların iliyinə işləyirdi. Birdən ağacların arasından səs gəldi. Uşaqlar həmin tərəfə çevriləndə qorxudan yerlərindəcə donub qaldılar. Qarşılarında nəhəng, tüklü bir ayı durmuşdu. O yırğalanaraq bir neçə addım irəli gəldi. Bu zaman Kənanın titrəyən əlində sıxıb tutduğu telefondan qəflətən gurultulu bir musiqi səsi ucaldı. Ayı diksindi. Kənan özündən asılı olmayaraq var gücü ilə telefonu ayıya tərəf tullayıb qışqırdı: "Rüstəm, qaç!" Telefon zərblə ayının kəlləsinə dəyib yerə düşdü. Uşaqlar qaçıb uzaqlaşmağa çalışırdılar. Birdən kolların arasından pırpız saçlı arıq bir oğlan sıçrayıb onların qarşısına çıxdı. Onun ensiz alnı, iri çənəsi sifətinə sərt ifadə versə də, qonur gözləri sanki alov saçırdı. Əlində ağır daş balta vardı, dəri libası bədəninin bir hissəsini örtürdü. Ayaqlarını aralı qoyub vüqarla dayanmış bu oğlanın silueti uşaqlara böyük və qeyri-adi gəlirdi. Dostlar ibtidai insana rast gəlmişdilər! O dayanmadan nəsə deyir, əl işarələri ilə nəyisə başa salmağa çalışırdı. Çarəsiz qalan uşaqlar ayıdan qurtulmaq üçün onun ardınca getməyə qərar verdilər. |
IV hissə
* * *
...Onlar balaca bir mağaraya girdilər. Dəlikdən düşən zəif işıq mağaranı güclə işıqlandırırdı. Axo torbasından iki quru ağac parçası çıxardı. Onları bir-birinə sürtməklə od əldə etdi və tonqal qaladı. Kənan çantasındakı çipsi və alma şirəsini çıxarıb ortaya qoydu. Axo maraqla onlara baxırdı. O da öz yeməyini çıxardı. Bunlar 5-6 iri cövüz, bir neçə bitki kökü və çöpə taxılmış iri bir soxulcan idi. Rüstəm dilxor oldu: - Bu indi soxulcanını bizim yanımızda yeyəcək? - Bir ona bax, Rüstəm, onun sinəsində ayı şəkli var. Bu nədir, görəsən? - Mən bilirəm, bu nədir. Totem! İnsanlar hər hansı canlını öz nəslinin əcdadı sayaraq ona səcdə eləyirlər. Beləliklə, bu canlı həmin qəbilənin rəmzinə çevrilir. Yəqin, Axonun aid olduğu qəbilənin totemi mağara ayısıdır. Bayaq Axo ayı ilə üzbəüz qalanda sinəsindəki şəkli göstərib ondan mərhəmət istədi. - Səncə, bunun bir xeyri oldu?-deyə Kənan şübhə ilə soruşdu. - Bilmirəm, bəlkə də. Hər halda, xilas ola bildik. |