Onlar qərara gəldilər ki, Lemini hələ ki gizli saxlasınlar. Çox götür-qoy edəndən sonra Kənanın ağlına bir fikir gəldi:
- Lemi hələlik qonşumuz Aidə xalanın yanında qalsın. Onun ailəsi Almaniyadadır. Yaşlı qadındır, təkdir, nəvələrinin xiffətini çəkir. Ona deyək ki, Lemi Köln şəhərində yaşayır. Buraya Azərbaycan dilini öyrənməyə gəlib. Qalmağa yer axtarır... O da Lemini heç yerə buraxmayacaq, onun yanında qalmasını təkid edəcək.
Belə də etdilər. Aidə xala Lemini mehribanlıqla qəbul etdi.
Evdə Kənan anası ilə yadplanetlilər haqqında söhbət apardı. Gördü ki, anası yadplanetlilərin mövcudluğuna inanmır. Odur ki Lemi haqqında heç bir söz demədi.
Kənan qalaktikalar, ulduzlar və planetlər haqqında bir neçə kitaba baxdı. Yeni öyrəndiklərini dostu Rüstəmlə uzun-uzadı müzakirə etdi və günlərin birində hər şeyi açıb ona danışdı. Beləliklə, Rüstəm də bu kiçik dəstəyə qoşuldu. İndi onların bütün dünyadan, Yer üzündəki bütün insanlardan gizli bir sirləri vardı...
Bir gün Aysel Leminin xahişi ilə onu da özü ilə məktəbə apardı. Aysel Lemini Almaniyadan gəlmiş rəfiqəsi kimi təqdim etdi. Sinif yoldaşları bu sarışın qızı mehribanlıqla qarşıladılar. Birinci dərs riyaziyyat idi. Şagirdlər məsələ həllinə başladılar. Müəllim Lemidən soruşdu:
- Bizim uşaqlara bir neçə sadə məsələ deyə bilərsənmi?
Lemi lövhənin qarşısına çıxdı:
- Avtomobil birinci saat460 km, ikinci saat bundan 30 km artıq sürətlə getdi. Avtomobil iki saata nə qədər məsafə qət etdi?
Uşaqlar gülüşdülər:
- Bu, avtomobildir, yoxsa raket?
Məsələni tez həll etdilər.
- Atanın 160,oğulun 120yaşıvar. 10 ildən sonra onların birlikdə neçə yaşı olacaq?
Daha bərkdən gülüşmə qopdu:
- Bu ata-balanı "Ginnesin rekordlar kitabı"na salmaq lazımdır.