Uzaq planetdə yaşayan Lemi adlı bir qız və onun qardaşı Kan
kosmik gəmi ilə Günəş ətrafındakı planetlərin seyrinə
çıxmışdılar. Birdən kosmik gəmidə qəza baş verdi. O, istiqamətini
dəyişib Yerə doğru yönəldi. Kan cəld cihazların arxasına
keçərək gəmini əvvəlki vəziyyətinə qaytarmağa çalışdı, amma
cihazlar sözə baxmır, bir-bir sıradan çıxırdı. Kan öz planetinə
həyəcan siqnalı göndərib kömək istədi. Sonra xilasedici paraşüt-
şarları çıxardı.
- Şarın içinə keç, Lemi! Səhv etmə, hər şeyi təlimata uyğun
elə! Vaxtında kömək gəlməsə, biz paraşüt-şarların içində
gəmidən kənara atılmalıyıq.
Onlar şəffaf şarların içinə girib gözləməyə başladılar, amma
səbirsiz Lemi düyməni basdı. Xilasedici şar bir göz qırpımında
gəmidən kənara atılıb Yerə enməyə başladı.
* * *
...Böyük məktəb binasının həyəti uşaqlarla dolu idi. Qısa
sarışın saçlı, yaşılgözlü qız darvazanın ağzında dayanıb onlara
baxırdı. Bir azdan zəng vuruldu. Məktəbin həyəti yavaş-yavaş
boşaldı və orada tək bircə qız qaldı. Bu, 4-cü sinifdə oxuyan
Aysel idi. O, pilləkəndə oturub əlindəki telefonla oynamağa
başladı. Lemi onu izləyirdi. Bir azdan o cəsarətlənib Ayselə
yaxınlaşdı:
- Nə qəribə cihazdır! Bu nə üçündür?
Qızın gözləri böyüdü:
- Heç ömründə telefon görməmisən?
- Yox!
- Sən bəyəm Aydan gəlmisən?
- Aydan yox, Ay yaxındadır. Mən daha uzaqdan gəlmişəm.
Qəflətən telefon zəng çaldı. Aysel telefonu qulağına apardı:
- Hə, ana, məktəbin həyətindəyəm. Kənanı gözləyirəm,
narahat olma!
|