xüsusi isim - hər hansı varlığı başqalarından fərqləndirmək üçün ona verilən ad: şəxs adı
(Toğrul, Aygün), coğrafi ad (Gəncə, Kür), heyvana verilən ad (Məstan, Qırat) və s.
ideya - yazıçının qələmə aldığı hadisə ilə bağlı oxucuya çatdırmaq istədiyi fikir.
ixtisar - söz və birləşmələrin baş hərflərini və ya hissələrini saxlamaqla düzəldilmiş qısa
yazılış forması; məsələn: kq (kiloqram), və s. (və sairə), m (metr), ç.a. (çərşənbə axşamı).
incə sait - saitlərin növlərindən biri: e, ə, i, ö, ü.
isim - əşyanın adını bildirən, kim? nə? hara? suallarına cavab verən əsas nitq hissəsi; məsələn:
həkim, Bakı, ümid və s. Həmçinin bax: xüsusi isim, ümumi isim.
ismi xəbər - şəxsə və zamana görə dəyişən feillərdən başqa digər nitq hissələri ilə ifadə olunan
xəbər; məsələn: Mənim vətənim Azərbaycandır.
işarə əvəzlikləri - işarə məqsədilə işlədilən əvəzliklər: o, bu, elə, belə, həmin.
kök - sözün heç bir şəkilçi qəbul etməyən, ayrılıqda məna ifadə edən hissəsi; məsələn: üzüm-
lük-də.
qalın sait - saitlərin növlərindən biri: a, ı, o, u.
qoşma - sözlərə qoşularaq müəyyən məna çaları (istiqamət, məsafə, bənzərlik və s.) yaradan
köməkçi nitq hissəsi; məsələn: parka tərəf, şəhərədək, quş kimi.
məcaz - hadisə və ya varlıq haqqında daha aydın təsəvvür yaratmaq üçün başqa hadisə və ya varlığa
xas əlamətlərdən istifadə olunması. Məsələn: Günəş daqların arxasında gizləndi.
məcazi məna - sözün sonradan qazandığı törəmə məna. Məsələn, küçənin ayağı ifadəsində "ayaq" sözü
məcazi mənada işlənmişdir. Həmçinin bax: həqiqi məna.
miqdar sayı - əşyanın miqdarını bildirən və neçə? nə qədər? suallarına cavab verən saylar;
məsələn: iki, beş, az, çox və s. Həmçinin bax: sıra sayı.
misra - şeirin ayrılıqda götürülmüş bir sətri. Həmçinin bax: bənd.
modal söz - danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsi; məsələn:
yəqin, əlbəttə, təəssüf ki, nəhayət və s.
mötərizə - iki yarımdairəvi xətdən ibarət qoşa durğu işarəsi - (). Cümlələrdə əlavə məlumatı
ifadə etmək üçün istifadə olunur; məsələn: Kenquru (vətəni Avstraliyadır) kisəli heyvandır.
mübaliğə - məcazın növlərindən biri: təsvir olunan hadisənin, varlığın, əlamətin həddən artıq
şişirdilməsi.
mübtəda - cümlədə haqqında danışılan varlığı bildirən, kim? nə? hara? suallarına cavab verən baş
üzv; məsələn: Bakı gözəl şəhərdir.
mürəkkəb ad - söz birləşməsi şəklində olan şəxs, yer, əsər, ölkə, tarixi gün və s. adları.
mürəkkəb cümlə - iki və daha artıq sadə cümlənin məna və qrammatik cəhətdən birləşməsindən
yaranan cümlə; məsələn: Yaxınlıqdakı kolluqdan xışıltı səsi gəldi, əsgər cəld silahını götürdü.
mürəkkəb söz - iki və daha artıq sözün birləşməsindən əmələ gələrək yeni məna bildirən söz;
məsələn: dəvəquşu, tez-tez, giriş-çıxış və s.
nəsr - vəzni, qafiyəsi olmayan, danışıq dilinə xas cümlələrdən ibarət bədii nitq forması. Nağıl,
rəvayət, əfsanə vəs. əsərlər, əsasən, nəsrlə yazılır.
nida - insanın hisslərini (həyəcan, qorxu, heyranlıq və s.) ifadə edən köməkçi nitq hissəsi;
məs.: Ay! Oh! Ax! Uf! və s.
nitq hissələri - sözlərin ümumi qrammatik mənaya görə bölündüyü qruplar. Həmçinin bax: əsas nitq
hissələri, köməkçi nitq hissələri.