TERMİNLƏRİN İZAHI
ahəng qanunu - sözlərdə qalın saitlərin qalınları, incə saitlərin incələri izləməsi; məsələn:
kəpənək, bahar, səliqəli, aqronom, öyüd və s.
annotasiya - kitabın, əsərin və ya hər hansı mətnin qısa məzmunu.
antonimlər - əksmənalı sözlər; məsələn: qalın-nazik. Həmçinin bax: sinonimlər.
bağlayıcı - cümlə üzvləri və ya cümlələr arasında əlaqə yaradan köməkçi nitq hissəsi.
Həmçinin bax: nitq hissələri.
bənd - şeirin iki və daha artıq misradan ibarət olan bitkin hissəsi. Həmçinin bax: misra.
bənzətmə - hər hansı varlıq və ya hadisənin müəyyən əlamətə görə başqa varlıq və ya hadisəyə
bənzədilməsi; məsələn: bal kimi şirin qarpız.
cümlə - bitmiş fikir ifadə edən söz və ya sözlər.
çoxmənalı söz - ilkin (əsas) məna ilə yanaşı, əlavə, törəmə mənaları olan söz; məsələn: qol:
insanın qolu, çayın qolu. Həmçinin bax: omonimlər.
defis - mürəkkəb sözlərin tərkib hissələri, rəqəmlə şəkilçi arasında, eləcə də sətirdən sətrə
keçirmədə və s. hallarda işlənən üfüqi qısa xətt (-); gec-tez, 9-cu.
dırnaq işarəsi - mətndə sitatları, əsər, qəzet, jurnal, şirkət və s. adları fərqləndirmək
üçün işlədilən qoşa durğu işarəsi (« » və ya məsələn: Konfutsi demişdir: "Qaranlığı söyməkdənsə,
bir şam yandır", "Azərbaycan"qəzeti, "Səfillər"əsəri.
dialoq - iki və ya daha çox şəxs arasında aparılan danışıq, söhbət.
dodaqlanan saitlər - tələffüz edilərkən dodaqların dairəvi şəkil aldığı saitlər:
[o],[ö],[u],[ü].
dodaqlanmayan saitlər - dodaqların vəziyyətinə görə saitlərin növlərindən biri: [a], [ı], [e],
[ə], [i].
durğu işarələri - yazıda sözlər, cümlələr arasında qoyulan işarələr: nöqtə (.), vergül (,),
nöqtəli vergül (;), iki nöqtə (:), sual işarəsi (?), nida işarəsi (!), mötərizə ( ), dırnaqlar ("
"), tire (-).
epizod - bədii əsərdə təsvir edilən hadisə, səhnə.
esse - müəyyən bir mövzu ilə bağlı fikir və mülahizələri əks etdirən kiçikhəcmli mətn.
ədat - söz və ya cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsi. Məsələn: Axı onun nə
günahı var?
əlifba - müəyyən qaydada sıralanan hərflərin məcmusu.
əmr cümləsi - əmr, xahiş, məsləhət bildirən cümlələr; məsələn: Uşağa su verin. Dərslərinə
yaxşı hazırlaş.
feil - hərəkət bildirən, nə etdi? nə edir? nə edəcək? və s. suallara cavab verən əsas nitq
hissəsi; məsələn: aldı, oxuyur, gedəcək.
feili xəbər - şəxsə və zamana görə dəyişən feillərlə ifadə olunan xəbər; məsələn: Biz teatra
gedirik.
frazeoloji birləşmə - ümumi mənası tərkibindəki sözlərlə birbaşa əlaqələnməyən söz
birləşməsi; məsələn: baş sındırmaq (çətin bir məsələ üzərində dərindən düşünmək).
haşiyə - mətndə işlənmiş müəyyən söz və ya ifadələri şərh etmək üçün səhifənin aşağı
hissəsində və ya kənarında verilən izah.
heca - sözün tələffüz zamanı asanlıqla bölünən hissələrindən biri; məsələn: av-to-mo-bil.
xitab - cümlədə müraciət olunanı bildirən söz və ya söz birləşməsi; məsələn: Arif, dərslərini
hazırlamısan?