Bayrağın yaranması tarixi qədimdir. Əvvəllər bayraqları gəmilərdə, döyüşlərdə istifadə edərdilər. Zaman keçdikcə bayraqlar xalqların, dövlətlərin simvoluna çevrildi. Bu gün dünyada hər bir dövlətin öz bayrağı var. Bu bayraqlar rənginə və üzərindəki təsvirlərə görə bir-birindən fərqlənir. Bayraqların üzərindəki təsvirlər hər bir xalqın milli-mənəvi dəyərləri, dini, təbii sərvətləri ilə bağlıdır. ***
Bayraqlarda ən çox istifadə edilən üç rəng - yaşıl, qırmızı və ağ rənglərdir. Qırmızı rəng azadlığı, həmrəyliyi ifadə edir. Ağ rəng saflıq və paklıq rəmzidir. Yaşıl rəng isə daha çox müsəlman ölkələrinin bayraqlarında istifadə edilir və islam dinini ifadə edir. ***
Bəzi dövlət bayraqlarının üzərində Günəş təsviri
verilir. Günəş simvolu qədim dövrlərdən istifadə
edilir, aydınlığa, işıqlı gələcəyə işarə edir. ***
Bəzi ölkələrin bayraqlarında müxtəlif heyvan, quş və bitki təsvirlərindən istifadə olunur. Bu simvollar həmin ölkənin təbiəti haqqında məlumat verir. Qədimdə türk bayraqlarında təsvir olunan bozqurd azadlığın, hürriyyətin simvolu idi. Bir çox bayraqlarda isə göyərçin sülhə çağırışı ifadə edir. Son olaraq qeyd edək ki, bəzi simvollar bir çox ölkələrin bayraqlarında təkrar olunur. Bu çox zaman həmin ölkələrin oxşar mədəniyyətə, yaşayış tərzinə və eyni dinə mənsubluğunu göstərir. |