- Yarasalar olmasaydı, mən yolu tapa bilərdim. Qorxuram, vurub şamları söndürərlər, işimiz lap xarab olar. Gəl başqa yolla gedək ki, onlarla rastlaşmayaq.
Onlar bir dəhlizə girdilər, uzun müddət dinməzcə getdilər. Lakin mağaradan çıxmaq üçün yolu tapa bilmədilər. Tom çaşıb qalmışdı. Bekki isə ağlayırdı:
- Tom, yarasalar olsa da, gərək həmin yolla qayıdaydıq.
Uşaqlar gəldikləri yola tərəf qayıtmaq istədilər. Amma məlum oldu ki, geriyə də yolu itiriblər. Bekki daha da həyəcanlandı. O, yerə çöküb acı-acı ağladı:
- Tom, biz azmışıq. Bu dəhşətli mağaradan bir daha çıxa bilməyəcəyik! Axı nə üçün başqalarından ayrıldıq?
Tom da özünü danlayırdı.
Nəhayət, uşaqlar özlərini toplayıb ayağa qalxdılar. Heç bir yerdə dayanmadan elə hey gedirdilər. Bir bulağa rast gəldilər. Bir az su içdilər. Tom dedi:
- Bilirsənmi, Bekki, biz burada qalmalıyıq, çünki burada içməli su var. Həm də şam qurtarır, bu, axırıncıdır.
- Tom, yəqin, yox olduğumuzdan xəbər tutub bizi axtaracaqlar.
- Bəs necə, əlbəttə, Bekki.
Budur, sonuncu şam da əriyib qurtardı. Bekki dizlərini qucaqlayıb oturmuşdu. Tom isə çıxış yolu düşünürdü. Birdən Tomun ağlına parlaq bir fikir gəldi. O, cibində gəzdirdiyi ipi çıxartdı. İpin bir ucunu qayanın çıxıntısına, digər ucunu isə öz belinə bağladı. İpi aça-aça irəlilədi. İki dəhlizdən keçib üçüncüsünə buruldu. Ancaq ip qurtardığından geri qayıtmaq istədi. Elə bu an gündüz işığına bənzəyən bir parıltı gördü. O, ipi buraxıb işığa tərəf süründü. Deşikdən başını bayıra çıxartdı. Qarşıda doğma Missisipi çayı axırdı.