Artıq yayın sonu idi. Ağca xanım anasından rica etdi ki, tətilin son günlərini kənddə keçirməyə icazə versin. Pəricahan xanım razılaşdı:
- Yaxşı, qızım, mən özüm də səninlə bərabər kəndə gedəcəyəm. Ancaq şərtim budur ki, o xidmətçi qız ilə əlaqəni tamamilə kəsəsən. Yoxsa Piri kişini də, Qaraca qızı da qovaram.
Bu sözlərdən Ağca xanım çox pərişan oldu. O, indi kəndə getməsinə şad deyildi.
Qatar stansiyaya çatanda Ağca xanım Qaraca qızın kənarda dayandığını gördü. Pəricahan xanımın başı əşyalarına qarışmışdı. Nökərlər isə çamadanları alıb faytona yığırdılar. Ağca xanım bundan istifadə edərək gizlicə dostunun yanına qaçıb onunla görüşdü. Qaraca qız onu tələsdirdi:
- Tez ol, get, xanım bizi görməsin, yoxsa yenə acığı tutar.
Onlar evə çatanda xidmətçilər cərgə ilə düzülmüşdülər. Qaraca qız onların arasında yox idi. Pəricahan xanım qızının ürəyini ondan soyutmaq üçün istehza ilə dedi:
- Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez unudub, heç qarşılamağa da gəlməyib.
Ağca xanım susub anasına cavab vermədi. Üzünü yana çevirib gülümsündü.
***
Bir neçə gün keçdi. Rəfiqələr hələ də görüşməyə macal tapmamışdılar. Ağca xanım mürəbbiyəsi ilə bağda oturmuşdu. Mariya İvanovna kitab oxuyur, Ağca xanım isə evcik tikirdi. Birdən onun qulağına Qaraca qızın səsi gəldi. Rəfiqəsini görmək üçün çəpərə yaxınlaşdı. Çəpərin dibində qıvrılıb özünü günə verən ilanı görmədi. Ayağını onun üstünə basdı. Zəhərli ilan atılıb Ağca xanımın qolundan sancdı. Ağca xanım qışqırıb özünü mürəbbiyəsinin üstünə atdı. Səsə Pəricahan xanım, nökərlər tökülüb gəldilər. Ağca xanımın qışqırığını eşidən Qaraca qız ildırım kimi götürüldü. O, həyətə girəndə Pəricahan xanım ağlayaraq yalvarırdı: - Aman, sizə qurban olum! Allah xatirinə Ağcanın yarasından ilanın zəhərini sorub yerə tökün. Lakin heç kəs bu qorxulu işə cürət etmirdi. |