Bütün məclis əhli bu ifadan təsirlənmişdi. Həm nəğmənin
ecazkarlığı, həm də Ağabəyim ağanın gözlərindəki
nisgil Fətəli şaha incikliyini unutdurdu.
O, Ağabəyim ağadan soruşur:
- Eşitdim, bu havanı Qarabağ şikəstəsi
adlandırmısan? Bu adla nə demək istəmisən,
Ağabəyim?
- Şah sağ olsun, el-obamdan ayrı düşmüşəm. Yarı
canım vətənimdə qalıb. Qarabağdan ayrılmaqla sanki
şikəst qalmışam.
Fətəli şah dedi:
- Bu bayatını eşidəndə sahibinə xələt verməyi
tapşırmışdım. İndi dilə məndən, nə dilərsən.
- Şah sağ olsun, elə bir bağ saldır ki, Qarabağdakı
Xanbağına bənzəsin.
Fətəli şah əmr verir:
- Ağabəyimin arzusu yerinə yetirilsin! Xan bağına
bənzər bağ salınsın! Bu bağın hər qarış torpağı, hər gülü,
yarpağı,suyu, suvaranı da Qarabağdan gətirilsin!
Ay dolanır, il keçir, bağ ərsəyə gəlir. Ağabəyim ağa bu
cənnət guşəni "Vətən bağı" adlandırır.
Qarabağdan gətirilən hər ağac, hər kol, hər gül
Vətən bağında bitir. Bircə xarıbülbüldən başqa. Bağbanlar
çox çalışsalar da, bu Qarabağ incisini Tehranda
yetişdirə bilmirlər. Xarıbülbülün yoxluğu Ağabəyimi
dilə gətirir:
Vətən bağı al-əlvandır,
Yox içində xarıbülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Mehriban Vəzirin "Ağabəyim ağa
Cavanşir" əsəri əsasında işlənmişdir.
|