Qarabağ xanlığının yaranması
Nadir şah 1747-ci ildə düşmənləri tərəfindən öldürülür. Bu hadisədən sonra Qarabağda böyük nüfuz qazanmış Pənahəli bəy özünü xan elan edir. Beləliklə, Qarabağ xanlığının əsası qoyulur.
Pənahəli xan xanlığı möhkəmləndirmək üçün tədbirlər görür. Vaxtilə yurdlarından sürgün edilmiş Qarabağ tayfalarının qayıtmasına kömək edir. Xanlığın müdafiəsini təmin etmək üçün güclü qoşun yaradır. İqamətgah üçün əvvəl Bayat, sonra Şahbulaq qalalarını tikdirir. Qısa müddətdə Qarabağ Azərbaycanın ən güclü xanlıqlarından birinə çevrilir.
Şuşa qalası
Pənahəli xan 1752-ci ildə Qarabağın hündür yerlərindən birində qala-şəhər saldırmaq qərarına gəlir. Bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş yüksəklikdə indiki Şuşa şəhəri salınır. Şəhərxanın şərəfinə Pənahabad adlandırılır.
Qarabağ xanlığının iqamətgahı Şahbulaq qalasından buraya köçürülür. Şəhərdə "pənahabadi" adlı gümüş pul buraxılmağa başlanır. Şəhər 2,5 km uzunluqda müdafiə divarları ilə əhatə olunmuşdur. Qalanın dairəvi bürcləri, mazğalları və üç darvazası vardır. |
|
Şuşa qalası Pənahəli xanın bizə miras qoyduğu ən böyük yadigardır. Bu qala indi də Azərbaycan xalqı üçün yenilməzlik və zəfər simvoludur.