Qavroş filin qıçından ikiəlli yapışdı. Bir göz qırpımında nərdivansız dırmaşaraq deşiyə çatdı və koramal kimi sürünərək ora girdi. Oradan başını çıxarıb dedi:
- Gördünüz?! İndi siz də çıxın!
Qavroş cəld sürüşüb aşağı düşdu. Balacaların qalxmasına kömək etdi.
- Budur,gəlib çatdıq. Hə, uşaqlar, indi siz mənim evimdəsiniz.
Qavroş qətranlı fitilin ucunu yandırdı. İçəri bir az işıqlandı. Uşaqlardan kiçiyi böyüyə qısılaraq dedi:
- Bura necə də qaranlıqdır.
Qavroşun uşağa yazığı gəldi:
- Ay səfeh, bayır qaranlıqdır, amma burada şam yanır. Orada yağış yağır, amma bura qurudur. Bayır soyuqdur, burada meh də əsmir.
Qavroş onlara köhnə həsirdən yatmağa yer düzəltdi:
- Bu həsiri zooparkdakı meymunlardan çırpışdırmışam.
Başqa bir qalın həsiri göstərib dedi:
- Bu isə zürafənindir. Dedim, filə lazımdır. Etiraz etmədi.
Qavroş: "İndi isə yatın!" - deyib işığı söndürdü. Elə həmin an siçovulların ciyiltisi eşidildi.
- Bu nə səsdir? - uşaqlardan balacası soruşdu.
- Siçovullardır.
- Bəs pişiyin yoxdur?
- Pişiyim vardı, onlar yedi.
- Bu siçovullar bizi də yeyə bilər?
- Əlbəttə, yeyərlər!
Uşaq çox qorxdu. Qavroş gülüb onu sakitləşdirdi:
- Qorxma! Onlar bizim yanımıza gələ bilməzlər. Mən buradayam. İstəyirsən, əlimdən tut. Səsini kəs, yat.
Bir azdan uşaqlar mışıl-mışıl yatırdılar.