Ana - tam inkişaf etmiş cinsiyyət üzvləri ilə arı ailəsinin nəslini davam etdirməyi bacaran dişi arıdır (Şəkil 1.1). Ana arının pətək daxili və ondan kənarda olan işlərdə heç bir iştirakı olmur. Ana hətta uzun müddət ərzində müstəqil olaraq yemlə təmin oluna bilmir. Ana yalnız şanların qovuqcuqlarında yumurta qoyur. Arı ailələrində, adətən bir ana olur, amma bəzən iki və daha çox anaya rast gəlmək olar. Məsələn, Siriya arı ailələrində 20-40 mayalanmamış ana arı yaşaya bilər. Onun biri erkək arı ilə cütləşdikdən sonra digərləri məhv olunur. Bu cür xüsusiyyətlərinə görə Qafqaz və Misir arı ailəsi qrupundan olan arılar fərqlənir. Zahirən ana arı işçi arılardan fərqlənir: ana arı işçi arılardan bir yarım - iki dəfə böyük olur (20-25 millimetr). Onun qarıncığı uzunsov, bir az sivri olur və qanadlarının kənarlarından çox çıxır (Şəkil 1.2). Bu, onun seçilməsi üçün səciyyəvi əlamətlərdir. Dairəvi başı, qısa bığları, başın ətrafında yerləşən nisbətən iri faset gözləri olan ana diqqəti cəlb edir. Ananın sorucu ağız aparatı işçi arılardan çox qısa, çənəsində iti dişləri olur. Sancma tikanı yaxşı inkişaf etmiş dörd hissədən ibarətdir, tikanın ucu aşağıya əyilib (Şəkil 1.3). Ana sancma tikanından nadir hallarda yalnız düşmənlərinə (rəqib analara) qarşı istifadə edir. O, insanları heç vaxt sancmır. Ananın qarıncığında mum vəzləri yoxdur, ayaqları isə çiçək tozunu yığmaq məqsədini daşıyır. Ana öz rəngi ilə diqqəti cəlb edir. Ana nadir hallarda öz işçi arılarından tünd rəngdə olur, çox vaxtı xüsusi ilə qarıncıqlarının yan tərəfləri açıq rəngdə olur. Ana arının işçi arıdan bir də fərqi ondadır ki, ana arının cinsiyyət orqanı tam inkişaf etdikdən sonra erkək arı ilə mayalanma qabiliyyətinə malik olur. Mayalanmış ana az hərəkətli olur. Yuvada yaşayan digər fərdlərlə müqayisədə ana arı uzun yaşama müddəti ilə seçilir. Orta hesabla o, 3-4 il, bəziləri isə 5 il və daha çox yaşaya bilir. |
1. Beyin kimi fəaliyyət göstərən sinir qanqlionları;
2. Aorta; 3. Ürək; 4. Hava kisəsi; 5. Mədəcik; 6. Dorzal qan damarları; 7. Bağırsaq; 8. Udlaq; 9. Dil hissəsi; 10. Qida borusu; 11. Yumşaq səthlərdən tutunmaq üçün sorucu aparat; 12. Sərt səthlərdən tutunmaq üçün pəncəciklər; 13. Nəfəs kanalları; 14. Zəhər aparatı; 15. Sancma tikanı. |