Hörmətli oxucu!
Arıçılığın Azərbaycanda qədim tarixi vardır. Uzun illərdən bəri arılar insanlara xidmət etmiş, yüksək keyfiyyətli məhsulları ilə insanları həm qidalandırmış, həm də onlara şəfa vermişdir. Azərbaycanın zəngin təbiəti bu ərazidə arıçılığın yüksək səviyyədə inkişaf etdirilməsinə münbit şərait yaradır. Hal-hazırda dövlətimiz arıçılığın inkişafına yüksək səviyyədə qayğı göstərir. Arıçılıq dünyada analoqu olmayan kənd təsərrüfatı sahəsidir. Bu sahənin gəlirliliyi haqqında çox yazılıb. Kənd təsərrüfatının elə bir sahəsi yoxdur ki, onun qədər gəlir gətirsin. Bu o demək deyil ki, arıçılıq öz-özünə gəlir gətirəcək. Bu gəlir güclü arıçıların yüksək əməyi və zəhməti sayəsində başa gəlir.
Bu modulda siz ana arının ailədəki rolu, ailənin yaşamasının ondan asılılığını öyrənəcəksiniz. Öyrənəcəyiniz 9 təlim nəticəsində arı ailəsinin artırılmasının müxtəlif üsullarını mənimsəyəcəksiniz. Ananın çıxarılması, yeni anaların ailəyə yerləşdirilməsi və əvəzlənməsi, ananın ailədə olub-olmamasının müəyyən edilməsi, anasız ailələrin necə bərpa edilib qaydaya salınmasını öyrənəcəksiniz. Beçəvermə arının tarixən genetik və irsi xüsusiyyətidir. Bu modulda siz, habelə, beçəvermənin təbii və arı ailəsinin artırılmasının süni yollarını öyrənəcəksiniz. Təbii beçəvermə və süni beçə götürülmənin sirləri, onların hər birisinin öz növbəsində müsbət və mənfi xüsusiyyətlərini dərk edəcəksiniz. Buradan siz təbii beçəvermə ilə mübarizənin yolları və onun məhsuldarlığa müsbət təsirini öyrənəcəksiniz.
Əziz təhsilalanlar! Unutmayın ki, gələcək işinizin yüksək səviyyədə qurulmasının açarı sizə verilən materialların həm nəzəri, həm də praktik mənimsənilməsindən çox asılıdır.
Bu modulun ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi məqsədəuyğun və əhəmiyyətli hesab edilir.